Xəbərlər
YAP Saatlı rayon təşkilatı Qarabağa maarifləndirici səfər təşkil edib
Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatı tərəfindən Qarabağ iqtisadi rayonuna maarifləndirici səfər təşkil olunub.
Səfərdə YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri və müavinləri, gənc partiya üzvləri və fəallar iştirak ediblər.
Səfərin ilk dayanacağı Ağdam şəhəri olub. İştirakçılar işğaldan azad olunmuş şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastruktur layihələri, yeni yaşayış məhəllələri və abadlıq tədbirləri ilə yaxından tanış olublar. Qeyd edilib ki, Ağdamın yenidən qurulması işğaldan azad edilmiş ərazilərdə dövlət tərəfindən həyata keçirilən bərpa və quruculuq siyasətinin uğurlu nəticələrindən biridir.
Daha sonra nümayəndə heyəti Əsgəran qalasını ziyarət edib. İştirakçılara XVIII əsr Azərbaycan memarlığının nadir nümunələrindən olan qalanın tarixi, memarlıq xüsusiyyətləri və Qarabağ xanlığının müdafiəsində oynadığı mühüm rol barədə ətraflı məlumat verilib. Bildirilib ki, Əsgəran qalası xalqımızın zəngin tarixi-mədəni irsinin və dövlətçilik ənənələrinin mühüm rəmzlərindən biridir.
Səfər çərçivəsində Xocalı şəhəri də ziyarət olunub. Burada iştirakçılar şəhərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, yaradılan yeni infrastruktur və icra olunan layihələr barədə məlumatlandırılıblar.
Nümayəndə heyəti daha sonra Xankəndi şəhərinə səfər edib. İştirakçılar burada aparılan genişmiqyaslı quruculuq işləri, yenilənən şəhər infrastrukturu və formalaşdırılan müasir yaşayış mühiti ilə tanış olublar. Vurğulanıb ki, həyata keçirilən layihələr bölgənin sosial-iqtisadi inkişafına və dayanıqlı gələcəyinin təmin olunmasına mühüm töhfə verir.
Səfərin son ünvanı Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri olub. İştirakçılar şəhərin zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olaraq Yuxarı Gövhər Ağa məscidini, Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini və digər tarixi məkanları ziyarət ediblər. Onlara Şuşada həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, şəhərin tarixi simasının qorunması və bərpası istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.
