YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Hacıqabul rayon təşkilatının təşəbbüsü ilə Şamaxıya ekskursiya təşkil olunub

Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının təşəbbüsü ilə partiya fəalları və gənc könüllülərin iştirakı ilə Şamaxı şəhərinə “Əsrlərin Yaddaşı və Müasir İnnovasiyalar: Şamaxının Tarixi Şəhərsalma Kodu” adlı ekskursiya təşkil olunub.

Layihənin əsas məqsədi gəncləri Azərbaycanın zəngin tarixi-mədəni irsi ilə yaxından tanış etmək, müasir şəhərsalma və memarlıq sahəsində həyata keçirilən yenilikləri əyani şəkildə nümayiş etdirmək, regional inkişaf prosesləri ilə bağlı biliklərini artırmaq, eyni zamanda rayon təşkilatları arasında əməkdaşlığı və gənclər şəbəkəsini gücləndirmək olub.

Ekskursiya iştirakçıları əvvəlcə Şamaxı şəhərinin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər. Daha sonra Şamaxı rayon Şəhidlər xiyabanını ziyarət edən gənclər Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Səfər çərçivəsində YAP Şamaxı rayon təşkilatında rəsmi görüş və panel müzakirəsi keçirilib. Hər iki rayon təşkilatının fəallarının və gənclərinin iştirakı ilə təşkil olunan dəyirmi masada müasir innovasiyalar, rəqəmsal məkanda milli irsin təbliği, gənclərin ictimai fəallığının artırılması, regional layihələrin həyata keçirilməsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüş zamanı birgə layihələrin hazırlanması və rəqəmsal kontent istehsalı istiqamətində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.

Ekskursiyanın davamında iştirakçılar Şamaxının zəngin tarixi-mədəni irsini əks etdirən tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar. Onlar Şamaxı Tarix-Diyarşünaslıq Muzeyini, Cənubi Qafqazın ən qədim İslam memarlığı abidələrindən biri olan Şamaxı Cümə Məscidini, görkəmli satirik şair Mirzə Ələkbər Sabirin Ev-Muzeyini, Seyid Əzim Şirvaninin məqbərəsini (Yeddi Günbəz kompleksi) və orta əsr Azərbaycan memarlığının qiymətli nümunələrindən olan Şaxəndan türbəsini ziyarət ediblər. Gənclər tarixi şəhərsalma ənənələri və memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat əldə edərək hazırladıqları foto və video materialları sosial media platformalarında paylaşmaqla milli-mədəni irsin rəqəmsal təbliğinə töhfə veriblər.

Səfər çərçivəsində iştirakçılar Pirqulu kəndində Şirvan bölgəsinin zəngin etno-qastronomiya ənənələri ilə də tanış olublar.

Ekskursiyanın növbəti mərhələsində gənclər Şamaxı Astrofizika Rəsədxanasında yaradılmış elmi-modernist akademik şəhərcik modeli və müasir elmi infrastrukturla tanış olublar. Daha sonra qədim sənətkarlıq ənənələrini müasir etno-turizm yanaşmaları ilə birləşdirən Dəmirçi kəndinə səfər edərək burada həyata keçirilən inkişaf layihələri, memarlıq xüsusiyyətləri və şəhərsalma həlləri barədə ətraflı məlumat əldə ediblər.

DİGƏR Xəbərlər Arxiv