YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Naxçıvanın inkişaf yolu: ənənədən innovasiyaya

Ülvi Fərzəliyev

YAP Neftçala rayon təşkilatının sədri

Azərbaycan dövlətçilik tarixində Naxçıvanın yeri yalnız onun qədimliyi, zəngin mədəni irsi və strateji coğrafiyası ilə müəyyənləşmir. Bu qədim diyar tariximizin müxtəlif mərhələlərində milli iradənin və dövlətçilik düşüncəsinin mühüm dayaqlarından biri olub. Bu bağlılıq xüsusilə XX əsrin sonlarında – Azərbaycanın müstəqilliyinin taleyinin həll olunduğu mürəkkəb dövrdə özünün ən aydın siyasi ifadəsini tapıb. Həmin tarixi mərhələnin mərkəzində isə Naxçıvan və Heydər Əliyev fenomeni dayanır.

Naxçıvanın dövlətçilik tarixindəki xüsusi mövqeyi onun çoxəsrlik siyasi və mədəni irsi ilə şərtlənir. XII əsrdə Atabəylər dövlətinin paytaxtı kimi Naxçıvanın seçilməsi, Əcəmi Naxçıvaninin yaratdığı memarlıq məktəbi, Möminə xatun türbəsi və digər tarixi abidələr bu torpağın qədim dövlətçilik və mədəniyyət ənənələrini nümayiş etdirir. Naxçıvanın muxtariyyət statusunun əldə olunması da mürəkkəb tarixi-siyasi şəraitdə Azərbaycanın ərazi bütövlüyü və dövlətçilik maraqları baxımından mühüm hadisə olub.

Lakin Naxçıvanın Azərbaycan dövlətçiliyindəki missiyasını yalnız tarixi keçmişlə izah etmək mümkün deyil. Bu missiyanın ən parlaq siyasi ifadəsi Heydər Əliyev fenomenidir. Naxçıvan Ulu Öndərin doğulduğu torpaq olmaqla yanaşı, onun siyasi iradəsinin ən ağır sınaqlardan keçdiyi və milli dövlətçilik baxışlarının praktik müstəvidə özünü göstərdiyi məkandır.

1990-cı illərin əvvəllərində Azərbaycan ağır siyasi, iqtisadi və ictimai böhran yaşayırdı. Sovet İttifaqının hələ mövcud olduğu bir vaxtda Heydər Əliyevin Naxçıvana qayıdışı yalnız doğma yurda dönüş deyildi. Bu qayıdış Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. 1991-ci ilin sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilən Heydər Əliyev milli dövlətçilik məsələsini siyasi bəyanat səviyyəsindən konkret qərar və addımlar səviyyəsinə yüksəltdi.

1990-cı il 17 noyabrda Naxçıvan Ali Məclisinin sessiyasında üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi bunun ən parlaq nümunələrindən idi. Sovet İttifaqının hələ dağılmadığı bir dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik rəmzinin Naxçıvanda rəsmən qəbul edilməsi siyasi cəsarətin və uzaqgörənliyin ifadəsi idi. Naxçıvanın SSRİ-nin saxlanılması ilə bağlı referendumda iştirak etməməsi, muxtar respublikanın adından “Sovet Sosialist” ifadəsinin çıxarılması və digər qərarlar da müstəqillik istiqamətində atılan ardıcıl siyasi addımlar idi. Bu hadisələrin tarixi əhəmiyyəti ondadır ki, Azərbaycan hələ sovet siyasi sisteminin tərkibində olduğu halda Naxçıvanda gələcək müstəqil dövlətin siyasi və ideoloji konturları formalaşdırılırdı.

Həmin dövrdə Naxçıvan həm də yeni siyasi təşkilatlanmanın mərkəzinə çevrildi. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi Azərbaycanın siyasi tarixində mühüm hadisə idi. Ölkənin dərin böhran içərisində olduğu bir vaxtda Heydər Əliyevin rəhbərliyi ətrafında siyasi qüvvələrin birləşməsi milli dövlətçiliyin qorunmasına yönəlmiş siyasi iradənin ifadəsinə çevrildi. Naxçıvanda formalaşan bu siyasi proses sonradan ümumrespublika miqyasında yeni dövlətçilik mərhələsinin əsasını qoydu.

1993-cü ildə siyasi və sosial-iqtisadi böhranın dərinləşməsi, vətəndaş qarşıdurması təhlükəsinin yaranması və dövlət müstəqilliyinin ciddi risklərlə üzləşməsi fonunda Heydər Əliyevin Bakıya qayıdışı Azərbaycanın taleyində dönüş nöqtəsi oldu. Onun iyunun 15-də Ali Sovetin sədri seçilməsi, həmin ilin oktyabrında Prezident seçilməsi dövlətçiliyin qorunması və möhkəmləndirilməsi istiqamətində yeni mərhələ açdı. Naxçıvanda sınaqdan çıxmış milli dövlətçilik iradəsi artıq bütün Azərbaycanın siyasi idarəçiliyinin əsas prinsiplərindən birinə çevrilirdi.

Heydər Əliyevin 1993–2003-cü illərdə həyata keçirdiyi siyasət bu dövlətçilik konsepsiyasının miqyasını müəyyənləşdirdi. Sabitliyin bərqərar edilməsi, Konstitusiyanın qəbul olunması, ordu quruculuğu, iqtisadi islahatlar, neft strategiyası və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi müstəqil dövlətin dayaqlarını gücləndirdi. Bu baxımdan Heydər Əliyev irsinin əsas xüsusiyyətlərindən biri strateji davamlılıqdır. Onun müəyyən etdiyi dövlətçilik modeli konkret dövrün problemləri ilə məhdudlaşmayaraq milli maraqların qorunmasını, güclü dövlət institutlarını və iqtisadi-siyasi müstəqilliyi uzunmüddətli inkişaf xəttinə çevirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sonrakı inkişafı həmin strateji xəttin yeni tarixi şəraitdə davamı kimi xarakterizə olunur. Azərbaycanın iqtisadi və siyasi imkanlarının genişlənməsi, müdafiə potensialının gücləndirilməsi, regional və beynəlxalq mövqelərinin möhkəmlənməsi, 2020-ci ildə ərazi bütövlüyünün bərpası və 2023-cü ildə suverenliyin tam təmin olunması dövlətçilik kursunun yeni mərhələdə nəticələrini ortaya qoydu. Bu siyasi xətt Naxçıvanın bugünkü inkişafında da özünü göstərir. Təhlükəsizlik və müdafiə potensialının gücləndirilməsi, enerji və yaşıl enerji imkanlarının genişləndirilməsi, sənaye və sosial infrastrukturun inkişafı, nəqliyyat bağlantılarının artırılması Naxçıvanın Azərbaycanın ümumi inkişaf strategiyasındakı rolunu daha da yüksəldir.