YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişaf, təhlükəsizlik və rifah

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində bir sıra mühüm layihələrlə tanış olub, açılış və təməlqoyma mərasimlərində iştirak edib. Bu səfər həm daxili auditoriyaya, region dövlətlərinə və daha böyük geosiyasi mərkəzlərə ünvanlanan çoxşaxəli mesajlar sistemi idi.

Cənab İlham Əliyevin bu səfəri Naxçıvanın inkişafına verdiyi xüsusi diqqətin göstəricisidir. Son illərdə Muxtar Respublikada həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, enerji təhlükəsizliyi istiqamətində atılan addımlar, yeni yolların, sosial obyektlərin və istehsal müəssisələrinin istifadəyə verilməsi regionun iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırıb.

Naxçıvanın coğrafi xüsusiyyətləri onu Azərbaycanın digər ərazilərindən fərqləndirir və cənab Prezident də bunu xüsusi vurğulayıb. Əlahiddə Ordunun yaradılması, hərbi potensialın gücləndirilməsi, müasir texnika və yeni komando qüvvələrinin formalaşdırılması Naxçıvanın təhlükəsizlik arxitekturasının ayrıca prioritet kimi nəzərdən keçirildiyini göstərir. Bu addımlar regionda güc balansını qorumaqla yanaşı, istənilən xarici təhdidə qarşı etibarlı qalxan rolunu oynayır. Müdafiə potensialının davamlı artırılması Naxçıvanın dayanıqlı inkişafının və strateji sabitliyinin əsas təminatçısı kimi çıxış edir.

Dövlət başçısının birbaşa nəzarəti və siyasi iradəsi nəticəsində Naxçıvan artıq yalnız coğrafi baxımdan deyil, iqtisadi və logistika imkanları baxımından da yeni inkişaf mərhələsinə daxil olur. Siyasi aspektdən yanaşdıqda isə bu səfər Azərbaycanın ərazi bütövlüyünün, dövlət idarəçiliyinin vahidliyinin və milli həmrəyliyinin nümayişidir. Eyni zamanda, Naxçıvanın Türkiyə ilə birbaşa sərhəddə malik olması səbəbindən türk dünyasının inteqrasiyası baxımından mühüm körpü rolunu oynayır. Prezident İlham Əliyevin bu bölgəyə xüsusi diqqəti Azərbaycanın gələcək nəqliyyat, enerji və ticarət xəritəsində Naxçıvanın əsas mərkəzlərdən biri kimi nəzərdə tutulduğunu göstərir.

Xatırlatmaq yerinə düşər ki, 1990-cı ildə Ulu Öndər Heydər Əliyevin Naxçıvana qayıdışı adi siyasi hadisə deyildi. 1990-cı ilin iyulunda Naxçıvana gələn Heydər Əliyev burada yalnız siyasi fəaliyyət göstərmədi, faktiki olaraq böhran içində olan bir regionun siyasi və sosial müqavimət mərkəzinin formalaşmasına rəhbərlik etdi. 1991-ci ilin sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi ilə bu fəaliyyət institusional xarakter aldı. Ulu Öndərin Naxçıvan siyasətinin ən mühüm xüsusiyyətlərindən biri onun problemi yalnız daxili resurslarla həll etməyə çalışmaması idi. O, Naxçıvanın coğrafi təcridini regional əməkdaşlıq imkanları ilə kompensasiya etməyə çalışırdı. 1992-ci ildə Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsi bu siyasətin ən mühüm istiqamətlərindən birinə çevrildi. Türkiyənin maliyyə, iqtisadi və texniki dəstəyi, tələbələrin Türkiyədə təhsil alması ilə bağlı razılaşmalar və nəhayət, Sədərək–Dilucu bağlantısının yaradılması Naxçıvanın blokada şəraitində nəfəs almasına imkan verdi. 2004-cü ildən etibarən Prezident İlham Əliyevin Naxçıvana mütəmadi səfərləri, müxtəlif sahələr üzrə obyektlərin açılışında iştirakı bu siyasətin praktiki göstəricisinə çevrildi.

Prezident İlham Əliyev səfəri çərçivəsində Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planla tanış olması, sosial evlər kompleksinin təməlinin qoyulması, "Naxçıvan" Mehmanxana Kompleksinin layihəsinin başlanması və tarixi-mədəni irsin bərpası ilə bağlı tədbirlər keçirilməsi regionun uzunmüddətli inkişaf gündəliyinin formalaşdığını göstərir.

Dövlət başçısının Naxçıvana səfərinin ən diqqətçəkən məqamlarından biri də Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimi oldu. Prezident İlham Əliyev Sənaye Parkının təməlqoyma mərasimində iştirak etdi. Parkın 310 hektar ərazini əhatə etməsi, burada elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal və sosial infrastrukturun yaradılmasının nəzərdə tutulması layihənin sadəcə ayrı-ayrı zavodların yerləşəcəyi ərazi deyil, yeni sənaye-ekosistem kimi nəzərdə tutulduğunu göstərir. Bu məqam xüsusi əhəmiyyət daşıyır. Çünki davamlı inkişaf üçün istehsal, sahibkarlıq, ixrac və özəl investisiya lazımdır. Sənaye Parkı məhz bu baxımdan yeni mərhələnin göstəricisidir.

Həmçinin, Zəngəzur dəhlizi ilə bağlı mövqe də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Cənab Prezident Azərbaycanın bu təşəbbüsün əsas təşəbbüskarı olduğunu qeyd edib. Horadiz-Ağbənd avtomobil yolunun tamamlanması və Naxçıvan istiqamətində nəqliyyat bağlantılarının inkişafı Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında daha əlverişli əlaqələrin formalaşmasına xidmət edir.

Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişaf istiqamətlərinə, Azərbaycanın regional mövqeyinə, nəqliyyat və enerji imkanlarına, təhlükəsizlik məsələlərinə və dövlət siyasətinin prioritetlərinə dair mühüm mesajlarla zəngin oldu. Müsahibənin əhəmiyyəti yalnız səsləndirilən fikirlərdə deyil, Prezidentin səfər çərçivəsində iştirak etdiyi çoxsaylı layihələrdə də özünü göstərdi. Rəsmi xronikaya əsasən, həmin gün Naxçıvanda sənaye, enerji, nəqliyyat, sosial müdafiə, şəhərsalma və müdafiə sahələrini əhatə edən bir sıra layihələr təqdim edildi.

Əsas hədəf  Naxçıvanı müasir, dayanıqlı, investisiya və turizm baxımından cəlbedici, əhalinin rahat yaşayışı üçün bütün imkanlara malik olan bir diyara çevirməkdir.