Xəbərlər
Naxçıvan: regional əlaqələrin mühüm qovşağı
Kamran Əmirov
YAP Qusar rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın bu günü və gələcəyi ilə bağlı strateji baxışların, qarşıya qoyulan hədəflərin və konkret layihələrin geniş təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Müsahibədə səsləndirilən fikirlər göstərir ki, Naxçıvanın inkişafı artıq yalnız ayrı-ayrı sosial və infrastruktur layihələrinin icrası ilə məhdudlaşmır. Qarşıda dayanan əsas məqsəd təhlükəsiz, iqtisadi baxımdan güclü, enerji ixrac edən, müasir nəqliyyat imkanlarına malik, turizm və investisiya baxımından cəlbedici, eyni zamanda milli-mədəni irsini qoruyan yeni Naxçıvan modelinin formalaşdırılmasıdır.
Prezident İlham Əliyevin Naxçıvana artıq 17-ci səfəri çərçivəsində verdiyi müsahibənin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, burada görülən işlər ayrı-ayrı layihələr kimi deyil, vahid inkişaf strategiyasının tərkib hissəsi kimi təqdim olunur. Dövlət başçısının qeyd etdiyi kimi, ötən illər ərzində Naxçıvanın müdafiə potensialının gücləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması, sosial infrastrukturun yenilənməsi və iqtisadi imkanların genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. İndi isə əsas hədəf əldə olunan nəticələri daha yüksək inkişaf mərhələsinə daşımaqdır.
Prezidentin müsahibəsində enerji məsələləri geniş yer tutub. Bu da təsadüfi deyil. Müasir dünyada enerji təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, həm də dövlətlərin strateji müstəqilliyini müəyyən edən əsas amillərdən biridir. Naxçıvanın Günəş və su ehtiyatları baxımından böyük potensiala malik olması onun bərpaolunan enerji sahəsində mühüm mərkəzə çevrilməsinə imkan verir. Müsahibədə Naxçıvanda Günəş enerjisi istehsalının genişləndirilməsi, yeni elektrik stansiyalarının yaradılması və gələcəkdə istehsal olunan enerjinin ixracı perspektivləri barədə mühüm fikirlər səsləndirilib. Bu perspektiv Naxçıvan üçün tamamilə yeni iqtisadi imkanlar deməkdir. Əgər əvvəllər əsas məsələ muxtar respublikanın enerji ilə etibarlı təmin olunması idisə, indi strateji hədəf enerji istehsalının artırılması və ixrac imkanlarının yaradılmasıdır. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanın da yaşıl enerji zonası kimi inkişaf etdirilməsi ölkənin müxtəlif regionlarının öz təbii potensialına uyğun ixtisaslaşmasına imkan verir. Nəticədə Azərbaycan enerji istehsal edən, enerji qəbul edən, ötürən və ixrac edən ölkə kimi regional və beynəlxalq enerji xəritəsində mövqeyini daha da möhkəmləndirə bilər.
Müsahibənin ən mühüm siyasi və strateji mövzularından biri Zəngəzur dəhlizi ilə bağlı məsələlərdir. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat əlaqələrinin yaradılmasını ölkənin çoxdankı məqsədi kimi qiymətləndirib. Bu məsələ yalnız nəqliyyat əlaqəsinin bərpası ilə məhdudlaşmır. Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi və geosiyasi əhəmiyyətini ciddi şəkildə artırmaq potensialına malikdir. Azərbaycan ərazisində Horadiz-Ağbənd avtomobil yolunun və dəmir yolu xəttinin tikintisi istiqamətində işlərin aparılması, Naxçıvan dəmir yolunun bərpası ilə bağlı konkret layihələrin hazırlanması bu strateji məqsədin mərhələli şəkildə reallaşdırıldığını göstərir.
Prezident müsahibəsində Naxçıvan dəmir yolunun yeni texniki-iqtisadi əsaslandırma əsasında 194 kilometr uzunluğunda nəzərdə tutulduğunu və xəttin yükdaşıma imkanlarının əhəmiyyətli dərəcədə artırılmasının planlaşdırıldığını bildirib. Məqsəd yalnız mövcud dəmir yolu xəttini bərpa etmək deyil, onu gələcəkdə böyük həcmdə yük daşımalarına imkan verən müasir nəqliyyat infrastrukturu səviyyəsinə çatdırmaqdır.
Müsahibədə diqqət çəkən digər mühüm məqam Zəngəzur dəhlizinə yalnız avtomobil və dəmir yolu layihəsi kimi yanaşılmamasıdır. Burada söhbət daha geniş kommunikasiya imkanlarından gedir. Nəqliyyat bağlantıları ilə yanaşı elektrik xətlərinin, fiber-optik kabellərin, gələcəkdə isə digər enerji infrastrukturlarının yaradılması perspektivinin gündəmə gətirilməsi göstərir ki, Zəngəzur istiqamətində formalaşdırılan bağlantılar bütöv bir regional kommunikasiya sisteminin əsasını təşkil edə bilər. Bu isə Azərbaycanın regional iqtisadi proseslərdə rolunun daha da artmasına xidmət edə bilər. Naxçıvanın bu layihələrin mərkəzində dayanması muxtar respublikanın strateji əhəmiyyətini yeni mərhələyə yüksəldir. Bu baxımdan Naxçıvanda yeni sosial infrastrukturun yaradılması, uşaq bağçalarının tikilməsi və təmiri, şəhər nəqliyyatının yenilənməsi, rayonlararası avtobus parkının müasirləşdirilməsi və kənd yollarının təmiri ilə bağlı planlar mühüm əhəmiyyət kəsb edir. Müsahibədə 217 müasir rayonlararası avtobusun alınması və təxminən 420 kilometr müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri ilə bağlı planların açıqlanması regionun sosial-iqtisadi inkişafının konkret göstəricilərindən biridir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra qarşıda duran əsas məsələlərdən biri bütün regionların paralel və balanslı inkişafının təmin edilməsidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesi ilə Naxçıvanın inkişafının vahid konsepsiyada nəzərdən keçirilməsi Azərbaycanın gələcək regional inkişaf modelinin bütövlüyünü göstərir. Bu yanaşmanın mühüm tərəfi idarəetmə modelinin təkmilləşdirilməsidir. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə üsulunun üstünlüklərindən danışaraq, Prezidentin xüsusi nümayəndəliyi institutunun Naxçıvanda da tətbiq olunduğunu bildirib. Burada əsas məqsəd Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusunu qorumaqla idarəetmə mexanizmlərinin daha da təkmilləşdirilməsi və inkişaf proseslərinin çevik şəkildə idarə olunmasıdır. Bu model dövlət idarəçiliyində səmərəliliyin artırılması, qərarların daha operativ icrası və regionun inkişafına yönəlmiş layihələr üzərində koordinasiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Naxçıvan üçün yeni mərhələ başlayır. Təhlükəsizliyi təmin edilmiş, enerji imkanları genişlənən, sənaye potensialı formalaşan, nəqliyyat bağlantıları güclənən, kənd təsərrüfatı və turizm imkanları genişləndirilən Naxçıvan gələcəkdə Azərbaycanın ən mühüm iqtisadi və strateji mərkəzlərindən birinə çevrilə bilər. Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlərdə də əsas xətt məhz budur: artıq söhbət yalnız mövcud problemlərin həllindən deyil, Naxçıvanın gələcək onilliklər üçün yeni inkişaf modelinin qurulmasından gedir. Dövlətin siyasi iradəsi, maliyyə imkanları, həyata keçirilən layihələrin miqyası və regionun strateji coğrafi mövqeyi bu hədəflərin reallaşdırılması üçün mühüm zəmin yaradır.
