Xəbərlər
Naxçıvanın iqtisadi yüksəlişi: yeni imkanlar və perspektivlər
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasında səfərdə oldu. Qədim tarixi, zəngin mədəniyyəti, dövlətçilik ənənələri və yüksək potensialı olan Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında xüsusi yer tutur, ölkəmizin inkişafında mühüm rol oynayır. Naxçıvan Muxtar Respublikası bu gün dövlət proqramlarını və infrastruktur layihələrini uğurla həyata keçirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir.
Son illərdə Naxçıvan Muxtar Respublikasının davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi, infrastruktur təminatının və sosial xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, habelə əhalinin məşğulluğunun və rifah halının yaxşılaşdırılması məqsədilə bir sıra mühüm dövlət proqramları və tədbirlər planları təsdiq olunmuş, o cümlədən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında”, “Naxçıvan Sənaye Parkının yaradılması haqqında”, “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında”, “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”, “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı və sərəncamları qəbul edilmişdir. Həmçinin Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvan Muxtar Respublikasında aqrar sektorun modernləşdirilməsi, ekstensiv istehsalatdan intensiv modelə keçid və ərzaq təhlükəsizliyinin təmin olunması, habelə aqrar məhsul istehsalı kooperativləri və onların ittifaqlarının dövlət dəstəyi ilə pilot olaraq yaradılması və fəaliyyətinin dəstəklənməsi istiqamətində mühüm strateji hədəflər müəyyən edilib.
Cənab İlham Əliyevin muxtar respublikaya səfərindən sonra imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamda özündə mühüm hədəfləri ehtiva edir. Belə ki, məqsəd Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin etməkdir. Bunun üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə Azərbaycan Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258 milyon manatın ayrılması nəzərdə tutulub.
Naxçıvanda həyata keçirilən genişmiqyaslı yenilənmə yalnız iqtisadiyyat, sosial həyat və infrastrukturla məhdudlaşmır. Dövlət idarəetməsinin müasir tələblər əsasında təkmilləşdirilməsi də yeni inkişaf modelinin mühüm istiqamətlərindən birini təşkil edir. Dövlətimizin başçısı İlham Əliyev tərəfindən 10 mart 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Konstitusiya Qanunu təsdiqlənib və həmin Qanunun tətbiqi ilə bağlı Sərəncam imzalanıb. Konstitusion islahatlar yeni idarəetmə modelinin hüquqi əsaslarını formalaşdırıb. Qəbul edilmiş dəyişikliklər Naxçıvan Muxtar Respublikasında idarəetmə strukturunun yenilənməsi və səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi baxımından mühüm müddəaları ehtiva edir. Cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bu məsələyə də xüsusi diqqəti yönəldərək bildirdi ki, Naxçıvan, azad olunmuş ərazilər - Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir: “Məsələn, azad edilmiş bütün ərazilərdə şəhərlərin Baş planları təsdiqləndi. Mən göstəriş verdim ki, Naxçıvan şəhərinin də Baş planı işlənilsin, hazırlansın, - bu gün mənə təqdim edilmişdir, - şəhərin inkişafı, müasir infrastrukturun yaradılması ilə bağlı əlavə tədbirlər görülsün”.
Naxçıvanda son 20 il ərzində bütün tikintilər dövlət büdcəsindən maliyyələşdirilib. Hər il Azərbaycan dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə yüz milyonlarla manat vəsait ayrılır. Yəni bu olmasaydı, təbii ki, biz bugünkü inkişaf edən və abad Naxçıvanı da görə bilməzdik: “Ancaq biz hər zaman daha yaxşısını arzulayırıq, daha yaxşısını istəyirik. Nəzərə alsaq ki, Qarabağ, Şərqi Zəngəzur demək olar ki, sıfırdan qurulur və Zəngilan rayonu ilə Ordubad rayonu arasında məsafə cəmi 42 kilometrdir. Bu, faktiki olaraq vahid bir məkandır, tarixən də belə olub. Zəngəzur, Naxçıvan, Qarabağ vahid məkan olub və insanların da miqrasiyası əsrlər boyu olub. Ona görə bu böyük coğrafiyada qohum-əqrəbalar da çoxdur. Ona görə biz bunu vahid, nümunəvi bir inkişaf diyarı kimi nəzərdə tuturuq”.
Həyata keçirilən layihələr, Zəngəzur dəhlizinin reallaşması və Naxçıvanın Azərbaycanla, region ölkələri ilə və daha geniş beynəlxalq nəqliyyat şəbəkəsi ilə bağlantılarının güclənməsi nəticəsində muxtar respublikanın iqtisadi potensialı daha da artacaq. Naxçıvanın gələcəkdə Azərbaycanın və bütövlükdə regionun mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsi reallıqdır. Bu, həm Naxçıvanın sosial-iqtisadi inkişafına, həm də Azərbaycanın regional iqtisadi və geosiyasi mövqeyinin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək.
