Xəbərlər
Dayanıqlı inkişafın yeni modeli
Mirsüleyman Mirxaslı
YAP Cəlilabad rayon təşkilatının sədri
Ölkə başçımızın bölgələrə, regionlara səfərləri və bu səfərlər zamanı səsləndirdiyi fikirlər, verdiyi müsahibələr həmişə həm siyasi, həm iqtisadi xarakterli, həm daxili və həm də xarici auditoriyaya yönəlmiş mesasjlarla yaddaşlara həkk olunur. Bu səfərlər bölgələrimizin inkişaf perspektivlərinin dəyərləndiril-məsi, hər bölgənin coğrafi və strateji mövqeyinə görə imkanlarından faydalanmaq istiqamətlərinin təsbiti və eləcə də bütövlükdə ölkəmizin iqtisadi inkişafına töhvəsinin təmin edilməsi kontekstində son dərəcə vacib və əhəmiyyətli addımlardır. Avqust ayının 11-də Prezidentin Naxçıvana səfəri və bu səfər zamanı müxtəlif təyinatlı tədbirlərdə iştirakı da istisna təşkil etməmiş, taleyin hökmü ilə ana torpaqdan ayrı düşmüş bu qədim diyarın həm hərbi, həm energetik, həm mədəni və həm də lojistik rolunun artırılması, yaxın gələcəkdə həyata keçməsi gözlənilən meqa layihələrdə bölgənin iştirak perimetrlərinin təyini və eləcə də sakinlərinin sosial rifahının artırılması, məşğulluq problemlərinin həlli kimi məsələlərə töhvə olmuşdur. Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısı olmaması kimi həssas məsələ, bu bölgənin həm hərbi, həm də iqtisadi təhlükəsizliyinə xüsusi diqqət ayrılmasını tələb edir. Azərbaycan Televiziyasına müsahibəsində Prezident bu məsələyə xüsusi yer ayırmış, Naxçıvanın spesifikası, coğrafiyası və eksklav statusundan irəli gələn səbəblərdən onun müdafiə qabiliyyətinin gücləndirilməsi zərurəti, bu məqsədlə Əlahiddə Ordu yaradılması və bu ordunun müasir texniki vasitələrlə təchizatına toxunmuşdur. Neytral sulara, dünya okeanına çıxışı olmayan ölkəmiz üçün Türkiyə və Avropaya yeganə pəncərəmiz sayılan bu diyarın demoqrafik balansının qorunması və hətta artırılması ən vacib məsələlərdən biridir. Məşğulluq problemlərinin həlli, iqtisadi inkişafın daha da sürətlənməsi, onun təmin edilməsi üçün ilk vəzifələrdəndir. Bunu həm regionun geostrateji mövqeyi, həm də ölkə üzrə inkişaf tempinin alqoritmi tələb edir. Bu məsələlərə diqqət çəkən Prezident, ərazisinə görə ölkə üzrə ikinci böyük Sənaye Parkının təməlinin qoyulduğunu və bu Sənaye Parkının tərkib hissəsi olacaq 300 meqavat gücündə İstilik Elektrik Stansiyası inşa ediləcəyini, bu Stansiyanın Muxtar Resublikanın dayanıqlı enerji təminatında, həmçinin də enerji ixracında əhəmiyyətli yerə malik olacağını anons etdi. Azərbaycanın regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələrdən olduğunu vurğulayan ölkə Başçımız, bu üstünlüyümüzdən bölgəmizin enerji təhlükəsizliyi və ekoloji cəhətdən təmiz enerji istehsalından və satşından faydalanmağın vacibliyini qeyd etmiş, bizdən qaynaqlanmayan səbəblərdən regionda yaranması ehtimal olunan enerji böhranını bərtərəf etmək, neytrallaşdırmaq üçün hər cür imkanlara malik olduğumuzu qeyd etmişdir.
Enerji təhlükəsizliyinin fiziki təhlükəsizlikdən sonra ikinci yerdə durduğunu bildirən Prezident, Naxçıvanda qazlaşmanın 100% olduğunu, artıq adı həyata keçirilmiş layihələrdən əlavə 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının tikintisinin davam etdiyini xatırlatmış, Azərbaycan ərazisində Günəş elektrik enerjisi istehsalı üçün ən əlverişli məkanın Naxçıvan olduğunu, bu səbəbdən də yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının inşası üçün 600 hektardan çox ərazi ayrıldığını bildirmiş, Naxçıvanda Günəş elektrik enerjisi istehsalı imkanlarının ən azı 500 meqavat ola biləcəyini nəzərə çatdırmış, Ordubad rayonunun Tivi kəndindəki 15 meqavatlıq su elektrik stansiyası layihəsinin davam etdirilməsi üçün vəsait ayrılacağını bildirmişdir. Bu layihələr də enerji təhlükəsizliyinə yönəlmiş addımlar olmaqla həm bərpa olunan enerji sektorunun inkişafına dövlət dəstəyinin təzahürü, həm də ölkəmizin böyük həcmdə elektrik enerjisi ixracatçısına çevrilməsi istiqamətində atılmış çox mühüm addımdır.
Naxçıvanın zəngin tarixi keçmişinə və mədəniyyətinə, tarixi-memarlıq abidələrinin qorunması və bərpası məsələlərinə də toxunan Prezident, bu abidələrin qorunmasının ən azı sosial-iqtisadi inkişaf və enerji təhlükəsizliyi qədər əhəmiyyətli olduğunu, bunun təməlində bizim milli kimliyimizin, milli ruhumuz, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız və tariximizin dayandığını, xalqımızın öz tarixi, mədəniyyəti və görkəmli şəxsiyyətləri ilə fəxr etməyə haqqı olduğunu nəzərə çatdırmışdır. Naxçıvanda kənd təsərrüfatının inkişafı üçün suvarma layihələrinin vacibliyini qeyd edən dövlət başçımız, bu məqsədlə artezian quyularının qazılması və müasir suvarma sistemlərinin quraşdırılmasının nəzərdə tutulduğunu, bu layihələrin Muxtar Respublikanın inkişafının daha sürətli və hərtərəfli olmasına şərait yaradacağını söyləmişdir.
Daha sonra Zəngəzur dəhlizi məsələsinə də toxunan Prezident, ikinci Qarabağ müharibəsindən günümüzə qədər cərəyan etmiş prosesləri təhlil etmiş, bu layihənin 44 günlük Vətən Müharibəsində qazanılmış qələbənin məntiqi və hüquqi nəticəsi olduğunu bildirmişdir. Son nəticədə Vaşinqton Zirvə görüşündə həllini tapan bu layihəyə artıq start verildiyini və layihənin tezliklə icra ediləcəyini bildirən Prezident, ölkəmiz tərəfindən demək olar ki, bütün öhdəliklərin yerinə yetirildiyini, lakin Naxçıvan ərazisindən keçəcək dəmir yolunun yükdaşıma qabiliyyətinin artırılması məqsədilə əlavə yenidənqurma işlərinin görülməsinin də zərurətini qeyd etmiş, bu yol təkcə Azərbaycanın deyil, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin bir qolu olacağı üçün əlavə investisiya və beynəlxalq konsorsium yaradılmasının daha məqbul variant olacağını nəzərə çatdırmışdır. Bu layihələrin reallaşmasının bölgədə çox böyük canlanmaya gətirəcəyi, daha çox iş yerləri açılacağı, iqtisadi fəallığın artacağı və Naxçıvanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevriləcəyini bildirən ölkə Başçımız, bütövlükdə ölkəmizin də əlavə dividendlər əldə edəcəyini xatırlatmış, Zəngəzur dəhlizinin təkcə nəqliyyat seqmenti – dəmir yolu və avtomobil yolu kimi yox, elektrik xəttlərinin, fiber optik kabellərin və hətta neft-qaz kəmərlərinin də keçə biləcəyi bir güzargah ola biləcəyini bildirmiş, Cəbrayıl rayonunda inşa olunmuş böyük ötürücü yarımstasiyanın məhz bu məqsədlə - elektrik enerjisinin bu dəhliz vasitəsilə xaricə ötürülməsi məqsədilə - inşa edildiyini diqqətə çatdırmış, hətta Mərkəzi Asiya dövlətləri tərəfindən istehsal ediləcək elektrik enerjisinin də bu xəttlə transfer edilmək imkanları olduğunu ifadə etmişdir.
Müsahibəsinin sonunda Prezident bir daha Naxçıvanın sosial problemlərinin həllinə qayıtmış, Muxtar Respublikanın nəqliyyat probleminin həlli üçün elektrik avtobuslarının və 217 müasir rayonlararası avtobusun ayrıldığı, kənd yollarının çəkilişi və əsaslı təmirinin nəzərdə tutulduğu, Naxçıvan şəhərinin baş planının işləndiyi və Naxçıvanın turizm potensialından səmərəli istifadə edilməsi üçün yeni beşulduzlu mehmanxananın təməlinin qoyulduğu barədə məlumat vermişdir.
