Xəbərlər
“Əziz Şuşa biz qayıtmışıq”
YAP Zərdab rayon təşkilatı Qarabağa səfər təşkil edib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının təşəbbüsü ilə avqustun 22-də “Əziz Şuşa biz qayıtmışıq” devizi ilə Qarabağa səfər təşkil edilib.
Ağdam–Əsgəran–Xocalı–Xankəndi–Şuşa marşrutu üzrə həyata keçirilən səfərdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, rayon təşkilatının əməkdaşları, bir qrup şəhid ailə üzvü, Vətən müharibəsi iştirakçıları, partiya veteranları və fəalları iştirak edib.
İştirakçılar Ağdam Cümə Məscidi və Şəhidlər xiyabanı, Əsgəran qalası, Xankəndi şəhəri, İsa bulağı, Yuxarı Gövhər Ağa Məscidi, Cıdır düzü, Molla Pənah Vaqifin məqbərəsi və Şuşa qalasını ziyarət ediblər.
Hər qarışında Azərbaycan tarixinin izləri yaşayan qədim və əzəli torpaqlarımıza səfər, doğma yurd yerlərini ziyarət, şanlı Zəfər ruhunu yaxından hiss etmək, qəhrəman şəhidlərin və rəşadətli ordumuzun şücaəti sayəsində azadlığına qovuşan ərazilərimizdə olmaq iştirakçılara xoş və yaddaqalan təsir bağışlayıb.
Bildirilib ki, 44 günlük Vətən müharibəsi, eləcə də 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, yüksək liderlik bacarığı və xalq-ordu həmrəyliyi sayəsində tarixi Zəfərlə nəticələnib. Hazırda Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış ardıcıl şəkildə və uğurla icra olunur.
Səfər iştirakçıları Ağdam, Xankəndi və Şuşada həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri ilə yerində tanış olub, bölgədə yaranan yeni inkişaf və tərəqqi mənzərəsini yaxından müşahidə ediblər. Xüsusilə tarixi-mədəni irsin yenidən dirçəldilməsi, müasir infrastrukturun qurulması və yaşayış məntəqələrinin bərpası istiqamətində icra olunan tədbirlər iştirakçılarda böyük maraq və dərin təəssürat yaradıb.
