Xəbərlər
Yeni təşəbbüslər, geniş imkanlar və real nəticələr
Ülvi Fərzəliyev
YAP Neftçala rayon təşkilatının sədri
Azərbaycan və Özbəkistanı birləşdirən münasibətlərin kökləri diplomatik əlaqələrin qurulduğu tarixdən çox-çox əvvələ gedib çıxır. Ortaq tarixi keçmiş, türk mənşəyi, dil və mədəni yaxınlıq, zəngin mənəvi irs və qarşılıqlı ehtiram iki xalq arasında münasibətlərin möhkəm təməlini formalaşdırıb. Müstəqillik dövründə bu tarixi və mənəvi bağlar dövlətlərarası münasibətlərin inkişafı üçün mühüm zəmin yaradıb, ardıcıl siyasi iradə və qarşılıqlı etimad nəticəsində əlaqələr bu gün strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması ikitərəfli əlaqələrin institusional əsaslarını möhkəmləndirib. Müstəqilliyin ilk illərindən qarşılıqlı səfərlər, siyasi təmaslar və imzalanan sənədlər iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişafına imkan yaradıb.
Lakin Azərbaycan–Özbəkistan münasibətlərinin mahiyyətini yalnız diplomatik xronologiya ilə izah etmək mümkün deyil. Nizami Gəncəvi və Əlişir Nəvai irsi, ədəbiyyat və incəsənət sahəsində qarşılıqlı təsir, tarixi-mədəni dəyərlərə münasibətdə yaxınlıq iki xalqın mənəvi bağlarının dərinliyini göstərir. Bu ortaq irs müasir dövrdə də mədəniyyət, təhsil, elm və humanitar əlaqələr vasitəsilə yaşadılır.
Münasibətlərin dövlətlərarası müstəvidə möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu vardır. Ulu Öndər tərəfindən Azərbaycan–Özbəkistan əlaqələrinin siyasi əsasları formalaşdırılıb, qarşılıqlı etimad və dostluq münasibətlərinin möhkəmlənməsinə mühüm əhəmiyyət verilib. Bu siyasi kurs sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilib və Azərbaycan–Özbəkistan münasibətləri yeni məzmun qazanıb.
Son illərdə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimada əsaslanan siyasi dialoq münasibətlərin inkişafına xüsusi dinamizm verib. Prezident İlham Əliyev avqustun 21-də Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin həyata keçirildiyini qeyd edərək, münasibətlərin “ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə” yüksəldiyini vurğulayıb.
Bu nəticə uzunmüddətli siyasi xəttin məntiqi davamıdır. 2024-cü il avqustun 23-də Azərbaycan və Özbəkistan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması ikitərəfli əlaqələrdə yeni mərhələnin başlanğıcını qoyub. Həmin gün Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də münasibətlərin institusional əsaslarının gücləndirilməsi baxımından mühüm addım olub. Prezident İlham Əliyevin həmin vaxt qeyd etdiyi kimi, bir neçə il ərzində iki ölkənin münasibətlərini ən yüksək dövlətlərarası qarşılıqlı fəaliyyət səviyyəsinə qaldırmaq mümkün olub.
Müttəfiqlik münasibətlərinin əsas xüsusiyyəti onun yalnız siyasi sənədlərlə məhdudlaşmamasıdır. Bu gün Azərbaycan və Özbəkistan arasında iqtisadiyyat, investisiya, sənaye, kənd təsərrüfatı, enerji, nəqliyyat, təhsil, elm və mədəniyyət sahələrində çoxşaxəli əməkdaşlıq həyata keçirilir.
İqtisadi münasibətlərdəki dinamika bunun ən mühüm göstəricilərindəndir. Prezident İlham Əliyevin son müsahibəsində qeyd etdiyi kimi, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsində daha 33 faizlik artım qeydə alınıb. 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılmış Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti isə qarşılıqlı investisiyaların və birgə layihələrin genişləndirilməsi üçün mühüm mexanizmə çevrilib.
Sənaye kooperasiyası da son illərdə münasibətlərin mühüm istiqamətlərindən birinə çevrilib. Birgə müəssisələrin yaradılması, qarşılıqlı investisiyaların artırılması və istehsal imkanlarının əlaqələndirilməsi iqtisadi əməkdaşlığın daha uzunmüddətli və dayanıqlı xarakter almasına xidmət edir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə Fəaliyyət Planının və 2025–2027-ci illər üzrə sənaye əməkdaşlığı proqramının imzalanması bu istiqamətdə konkret hədəfləri müəyyənləşdirib.
Enerji sahəsində əməkdaşlıq da yeni məzmun qazanır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ixracı istiqamətində formalaşan əməkdaşlıq Mərkəzi Asiya ilə Azərbaycan arasında enerji əlaqələrinin genişləndirilməsi baxımından mühüm perspektivlər açır. Bu proses Azərbaycanın enerji infrastrukturu və Xəzər üzərindən Avropaya çıxış imkanları ilə Özbəkistanın enerji potensialının uzlaşdırılmasına əsaslanır.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Azərbaycan–Özbəkistan münasibətlərinə daha geniş regional məzmun qazandırır. Azərbaycanın Orta Dəhlizin mühüm halqası kimi mövqeyi ilə Özbəkistanın Mərkəzi Asiyadakı iqtisadi və coğrafi imkanlarının birləşdirilməsi Şərqlə Qərb arasında yeni tranzit imkanlarının yaranmasına xidmət edir. Prezident İlham Əliyev son müsahibəsində Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasının yeni imkanlar yarada biləcəyini vurğulayıb.
Münasibətlərin humanitar ölçüsü də onların möhkəmliyini göstərən mühüm amildir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb inşa etməsi qardaşlıq münasibətlərinin konkret əməli ifadələrindən biri oldu. 2023-cü ildə açılan məktəb Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına Özbəkistanın verdiyi mənəvi və praktiki dəstəyin rəmzinə çevrildi. Eyni zamanda, təhsil, elm, mədəniyyət, media və vətəndaş cəmiyyəti sahələrində əməkdaşlığın genişlənməsi xalqlar arasındakı əlaqələrin daha da dərinləşməsinə xidmət edir.
2026-cı il isə Azərbaycan–Özbəkistan münasibətlərində daha bir mühüm mərhələ kimi yadda qalır. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi, Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı və Yeni Daşkənddə “Azərbaycan” parkının təməlinin qoyulması iki ölkə arasındakı münasibətlərin siyasi, humanitar və mədəni istiqamətlərdə paralel şəkildə inkişaf etdiyini göstərir.
Bütün bunlar göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri tarixi-mədəni yaxınlıqdan başlayaraq müasir dövlətlərarası əməkdaşlığın çoxşaxəli modelinə çevrilib. Bu inkişafda Heydər Əliyevin formalaşdırdığı siyasi əsaslar, Prezident İlham Əliyevin ardıcıl xarici siyasəti və iki ölkənin rəhbərləri arasında möhkəmlənən qarşılıqlı etimad xüsusi rol oynayıb.
Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəsi həm də göstərir ki, tarixi və mənəvi yaxınlıq düzgün siyasi strategiya ilə konkret dövlətlərarası nəticələrə çevrilə bilər. Qarşıdakı mərhələdə ticarət və investisiyaların artırılması, sənaye kooperasiyasının genişləndirilməsi, nəqliyyat və enerji layihələrinin inkişaf etdirilməsi, təhsil və humanitar əlaqələrin daha da möhkəmləndirilməsi iki ölkənin müttəfiqlik gündəliyinin əsas istiqamətlərini təşkil edəcək.
