YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni regional inteqrasiya və çoxşaxəli əməkdaşlıq modeli

Samir Baxşiyev

YAP Siyəzən rayon təşkilatının sədri

Azərbaycanla Özbəkistan arasındakı münasibətlər dostluq və qardaşlığa əsaslanan möhkəm bünövrə üzərində qurulub. Xarici siyasətimizdə son illərdə Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi xüsusi yer tutmaqdadır. Bu baxımdan Mərkəzi Asiya dövlətləri ilə ölkəmiz arasındakı mövcud əlaqələrin inkişafı və dərinləşməsi bu siyasətin məntiqi nəticəsidir. Məhz əlaqələrimizin dərinləşdiyi və strateji müttəfiqlik səviyyəsinə qədər yüksəldiyi dövlətlərdən biri də Özbəkistan Respublikasıdır.

Azərbaycanla Özbəkistan arasındakı münasibətlər son illərdə daha da inkişaf etməkdədir. Bir sıra ortaq dəyərləri bölüşən Azərbaycan və Özbək xalqları arasındakı qardaşlıq əlaqələri hazırda yeni mərhələyə qədəm qoymaqdadır. Qeyd etməliyik ki, Azərbaycanla Özbəkistan arasında 30 ildən artıq yaşı olan diplomatik münasibətlərin və ikitərəfli əlaqələrin səviyyəsi, həm də regional miqyasda rolu və funksionallığı ən yüksək səviyyəyə qədər yüksəlib. Bununla yanaşı xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər.

Xüsusilə qarşılıqlı əməkdaşlığın güclənməsinə mühüm töhfə verən görüşlərin keçirilməsi, dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər və imzalanmış sənədlər bu münasibətlərin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu baxımdan 23 avqust 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Özbəkistana rəsmi səfəri mühüm əhəmiyyət kəsb edirdi. Qeyd etməliyik ki, cənab Prezidentin səfəri zamanı izlədiyimiz görüntülər bir daha ölkələrimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi.

Səfər çərçivəsində dövlət başçıları səviyyəsində ikitərəfli görüşün keçirilməsi, ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsi istiqamətində baş tutan anlaşmalar və hər iki dövlət başçısının mətbuata verdiyi bəyanatlar ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edirdi. Cənab Prezident çıxışı zamanı Azərbaycanla Özbəkistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən bəhs edərək xüsusi vurğulamışdır ki, Azərbaycan və Özbəkistanı çoxəsrlik qardaşlıq münasibətləri bağlayır və ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Məhz dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq. Həmçinin dövlətimizin başçısı vurğuladı ki, dünyanın mövcud geosiyasi vəziyyəti və yaranmış yeni çağırışlara adekvat olaraq bu istiqamətdə Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərlə, o cümlədən Özbəkistanla əməkdaşlığımız dərinləşməkdədir.

Səfər çərçivəsində keçirilmiş digər mühüm tədbirlərdən biri də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilməsi və Azərbaycanla Özbəkistan arasında Əbədi dostluq haqqında tarixi Müqavilənin imzalanmasını oldu. Səfərin diqqətçəkən məqamlarından biri də Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya və Cənubi Qafqaz arasında əlaqələrin inkişafında oynadığı roldur. Cənab Prezident Azərbaycan ilə Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi məkan kimi böyük potensiala malik olduğunu qeyd edərək bildirdi ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına qoşulması da bu baxımdan mühüm tarixi addım kimi qiymətləndirilə bilər.

Azərbaycan–Özbəkistan münasibətləri artıq ənənəvi dostluq əlaqələrindən daha geniş məzmun daşıyır. Bu münasibətlərin təməlində ortaq tarix, mədəniyyət, mənəvi dəyərlər və qarşılıqlı etimad dayanır. Məhz dövlət başçıları səviyyəsində dostluq münasibətlərinin mövcudluğu və mütəmadi xarakter almış qarşılıqlı səfərlər, aparılan müzakirələr və imzalanan sənədlər əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. İnanırıq ki, ölkələrimiz arasındakı mövcud olan çoxəsrlik tarixə malik əlaqələrin yeni mərhələyə qədəm qoyması nəticəsində Azərbaycanla Özbəkistan arasındakı hərtərəfli əlaqələr bundan sonra daha da möhkəmlənəcəkdir.