YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Suverenliyimizin əbədiləşdirilməsinə xidmət edən tarixi addım

“44 günlük Vətən müharibəsində şanlı Qələbəmizin, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasının əbədiləşdirilməsinə xidmət edən mühüm addımlardan biri dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsidir. Bu kimi addımlar xalqımızın qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasında,  gənclərin vətənpərvərlik ruhunda böyüməsində,  tariximizin unudulmamasında  əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli  Sərəncamı ilə   20 sentyabr  Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir. Bu əlamətdar günün təsis edilməsi  xalqımızın milli yaddaşında, dövlətçilik təfəkküründə əbədi qalacaq hadisələrdəndir. Bu tarix işğaldan azad olunmuş şəhərlərimizin rəmzi deyil, həm də Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və  Prezident İlham Əliyevin qətiyyətli iradəsinin təntənəsidir.  2023-cü ilin  19 sentyabr tarixində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə rəşadətli ordumuz lokal antiterror tədbirlərini həyata keçirdi. Xalqımız  bir yumruq kimi birləşərək  ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etdi. Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində Azərbaycan Bayrağı ucaldıldı, separatçılığa son qoyuldu. Suverenliyimizin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq 2024-cü ilin fevral ayında  bütün ölkə ərazisində keçirilən prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyev andiçmə mərasimində bu məqamları xüsusi vurğuladı ki,  ərazi bütövlüyümüz tam bərpa olunmalı idi və biz İkinci Qarabağ müharibəsindən sonra bu məqsədə doğru məqsədyönlü şəkildə addımlayırdıq. İndi bütün hadisələri yenidən dilə gətirməyə ehtiyac yoxdur, Azərbaycan xalqı hər şeyi bilir və hər şeyi yadda saxlayır. Hər bir addımımızın məntiqi mənası var idi, hər bir addım əvvəlki addımın məntiqi davamı idi, istər Laçın-Xankəndi yolu, istər antiterror əməliyyatının keçirilməsi ilə əlaqədar. Ola bilər o vaxt bəziləri obyektiv səbəblərə görə bunu tam dərk edə bilmirdi, ancaq bu gün keçmişə baxdıqda hər kəs görür ki, bir dənə də olsun addımımız situativ, avantüra xarakteri daşımırdı və mənasız deyildi. Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin Xankəndiyə, Xocalıya, Xocavəndə və Ağdərəyə reallaşdırdığı hər bir səfər mühüm iqtisadi və sosial obyektlərin açılışı, təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır: “Suverenliyimizin tam bərpasından sonrakı dövrün aydın mənzərəsini yaradan son üç ildə görülən işlərin miqyasına diqqət yetirmək kifayətdir. Bu işlərin nəticəsi Xankəndi, Xocalı, Xocavənd şəhərlərinin sakinlərinə qovuşmasında özünün aydın ifadəsini tapır. Bununla bərabər həmin rayonların kəndləri də yenidən qurulur, bərpa edilir, sakinlərinə qovuşurlar. Qarabağ Universitetinin yaradılması, təhsil və elm mərkəzlərinin fəaliyyətə başlaması gələcək nəsillərə verilən strateji mesajdır- Qarabağ Azərbaycanın elm, mədəniyyət və inkişaf mərkəzlərindən birinə çevriləcək. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxardı.  Bu məqsədlə Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradıldı. Dövlətimizin başçısı İlham Əliyev 2024-cü il sentyabr ayının 20-də Qarabağ Universitetinin  təmirdən sonra açılış mərasimindəki çıxışında   qeyd etmişdir ki, bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir”.

Malik Həsənov bildirib ki, 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi: “Həmin il dekabr ayının 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirdi.  Prezident İlham Əliyev Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən görüşü izlədi. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun idi. Dövlət başçısı İlham Əliyev ötən dövr ərzində Xankəndiyə 16, Xocavəndə 12, Xocalıya 13, Ağdərəyə 4 səfər edib. Bu səfərlərin hər biri Böyük Qayıdış Proqramının uğurlu icrasına xidmət edən mühüm addımlarla yadda qalıb. Xankəndi şəhəri iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Ötən il Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü, həmçinin III Şuşa Qlobal Media Forumu və III Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. Milli Şəhərsalma forumları dialoq, əməkdaşlıq və təcrübə mübadiləsi üçün mühüm platforma kimi çıxış edir”.

Millət vəkili qeyd edib ki, 2026-cı il avqust ayının 17-nə qədər Xankəndi şəhərində 76, Kərkicahan qəsəbəsində 43 ailə  olmaqla cəmi 119 ailə, Xocalı şəhərində 144,  Ballıca kəndində 246,  Xanyurdu kəndində 140,  Təzəbinə kəndində 180,  Şuşakənd kəndində 116,  Badara kəndində 109,  Seyidbəyli kəndində 77,  Daşbulaq kəndində 44,  Xanabad kəndində 111 ailə olmaqla cəmi 1.167 ailə məskunlaşıb. Həmçinin  Xocavənd şəhərində 413,  Xocavənd kəndində 78,  Xanoba kəndində 39,  Qırmızı Bazar qəsəbəsində 213, Sos kəndində 85, Güneyxırman kəndində 39,  Quzeyxırman kəndində 39,  Hadrut qəsəbəsində 82 ailə  olmaqla cəmi 988 ailə, Ağdərə rayonunun  Talış kəndində 20,  Həsənriz kəndində 292,  Suqovuşan kəndində 180,  Kolatağ kəndində 36,  Vəngli kəndində 151,  Heyvalı kəndində 46,  Çapar kəndində 40,  Aşağı Oratağ kəndində 111,  Çıldıran kəndində 41 ailə  olmaqla cəmi 917 ailə məskunlaşıb. Ümumilikdə tarixi Zəfərimizdən bu günədək dogma yurd-yuvalarına qayıdan  keçmiş məcburi köçkünlərin, həmçinin Böyük Qayıdış ünvanlarının sayı bu torpaqlarda geniş miqyas alan bərpa-quruculuq işlərinin göstəricisidir. Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Hazırda 48 şəhər və kənddə 90 mindən artıq insan yaşayır, işləyir, təhsil alır.  Təbii ki, bu, son rəqəm  deyil. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin qayıdışı mərhələ-mərhələ davam edir.