Xəbərlər
Azərbaycan birləşdirici, sabitləşdirici aktor kimi mövqeyini daha da möhkəmləndirir
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Azərbaycanın İslam həmrəyliyinə və Türk dünyasının birliyinə verdiyi töhfələr çoxşaxəli və davamlıdır. Ölkəmiz multikulturalizm təcrübəsi, beynəlxalq humanitar təşəbbüsləri və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində həyata keçirdiyi layihələrlə qlobal miqyasda sülh və dialoq mühitinin güclənməsinə mühüm töhfələr verir. Azərbaycan müsəlman ölkələri arasında yaranan anlaşılmazlıqların dialoq yolu ilə həll olunmasını, qarşıdurmaların aradan qaldırılmasını və ortaq milli maraqlar ətrafında birləşməyi hədəfləyən siyasəti dəstəkləyir. Bakıda keçirilən beynəlxalq səviyyəli konfranslar, dini liderlərin Zirvə toplantıları və 2017-ci il “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən IV İslam Həmrəyliyi Oyunları mədəni əlaqələrin möhkəmlənməsinə xidmət etdi. İslam dünyasının zəngin tarixi irsinin və dəyərlərinin qorunması, həmçinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində ardıcıl addımlar atılır. Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən çıxışında bu reallıqlara bir daha diqqəti yönəltdi. Bildirdi ki, biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Burada sizin bir yerdə olmağınız çox böyük rəmzi məna daşıyır. Çünki məhz belə birgə tədbirlər bizi daha da birləşdirir, aramızdakı dostluq, qardaşlıq əlaqələrini gücləndirir və dünyaya çox gözəl mesajlar verir. Müsəlman dini liderlərin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir. Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilirsə, deməli, yaşadığımız bölgələrdə də sülh və əmin-amanlıq üstünlük təşkil edəcək. O da vurğulandı ki, Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilmişdir. Hələ təxminən 10 il bundan əvvəl - 2017-ci ildə bizim təşəbbüsümüzlə və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirilmişdir. Biz də bu Oyunları, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul edirdik. Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək. Dünyada gedən proseslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi təsadüfi deyil. Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir: “Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan ibarətdir ki, o Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq. Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar”.
Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki, əlbəttə, biz ancaq müştərək səylərlə buna nail ola bilərik. Ona görə sizin Bakıda olmağınız və bir yerdə tədbirlərdə iştirakınız həm bölgəmizə, həm dünyaya çox ciddi və birmənalı mesajlar verəcəkdir: “Təbii ki, indi türk dövlətlərinin müsəlman liderlərinin görüşləri müxtəlif ölkələrdə keçirilir və sıra ilə keçiriləcək. Amma bax, bu konfrans ki, keçirilir, bunu biz ənənəvi edə bilərik. Ənənəvi edə bilərik, ya hər il, ya iki ildən bir ki, bu, həm gözəl bir toplantı kimi, həm fikir mübadiləsi, həm müzakirə, həm də birliyin nümayişi olsun. Ona görə bu haqda da fikirləşin. Yenə də təşəbbüsü mən irəli sürürəm, sizdən də konkret təkliflər gözləyirəm”.
Cənab İlham Əliyev çıxışında, həmçinin 30 illik işğal dövrünün reallıqlarından bəhs etdi. Bu mühüm məqamı xüsusi qeyd etdi ki, Ermənistanın arxasında duran böyük dövlətlər, o cümlədən və ilk növbədə, mənfur Minsk qrupunun həmsədr ölkələri bütün bu işləri ört-basdır etmək istəyirdi. Ermənistan işğal edilmiş torpaqlara heç bir xarici müşahidəçi buraxmırdı. Ancaq Qərbdən və digər ölkələrdən olan pulla alınmış bəzi siyasətçiləri, ictimai xadimləri gətirirdilər ora göstərsinlər ki, onlar burada necə yaşayırlar. Amma beynəlxalq təşkilatlar buna səssiz qalıb. Birləşmiş Millətlər Təşkilatı, - hansı ki, Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdi ki, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır, - səssiz qalıb, ATƏT səssiz qalıb. Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib. Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir. Yəni bax bu, bizə olan münasibətin kiçik bir təsviridir. Görün, biz kimlərlə üzbəüz qalmışdıq, yəni Ermənistan təkbaşına deyildi. Ermənistan təkbaşına olsaydı, bu məsələ çoxdan həll olunardı. Yaxud da ki, o vaxt bu işğala, bu vəhşiliyə, bu soyqırımına görə Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan həll olunardı. Eləmədilər, bilərəkdən, qəsdən. İndi yeri gəldi-gəlmədi, hər yerə sanksiyalar qoyulur. Amma yaxşı, Ermənistan burada başqa dövlətin 20 faiz torpağını zəbt edib, 700 min insanı oradan qovub, 250 min insanı - azərbaycanlıları Ermənistandan qovub, dağıdıb hər şeyi, bütün şəhərləri. Sən niyə ona sanksiya tətbiq etmirsən? Bu, deməli, ikili standartlardır. Haradan gəlir bu ikili standartlar, aydın məsələdir. Hər halda İslam aləmindən gəlmir. Ona görə bax, biz hamımız bunu bilməliyik. Bizim birliyimiz hər birimizi gücləndirəcək: “Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq. Çünki biz bu ədalətsizliklə üzləşmişdik”.
Artıq 6 ildir tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlarla dünyanın diqqətindəyik. Azərbaycan sülh təcrübəsini dünyaya təqdim edir. Regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün əsas amillərdən biridir. Azərbaycan birləşdirici, sabitləşdirici aktor kimi mövqeyini daha da möhkəmləndirir.
