YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Suverenliyi Günü Azərbaycanın əbədi yaşayacağının parlaq rəmzidir

Vüsar İsmayılov

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

20 sentyabr – Azərbaycanın çoxəsrlik dövlətçilik salnaməsində mühüm mərhələ, ölkənin bütün ərazisində qanunun, ədalətin və hüququn tam bərqərar olduğu tarixi gündür. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə təsis edilən bu əlamətdar gün, xalqımızın azadlıq mübarizəsinin, sarsılmaz iradəsinin və ərazi bütövlüyü uğrunda apardığı müqəddəs mübarizənin məntiqi zirvəsidir.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan uzun illər ərzində hərbi təcavüz, torpaqlarının işğalı və separatizm problemləri ilə üz-üzə qalmışdı. Ölkənin təxminən 20 faiz ərazisinin işğal altında olması dövlət suverenliyinin tam tətbiqinə imkan vermirdi.

2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə işğala son qoyulsa da, Qarabağ bölgəsində qanunsuz mövcudluğunu saxlayan separatçı rejim suverenlik üçün böyük təhdid təşkil edirdi. 2023-cü il sentyabrın 19-da həyata keçirilən və cəmi 24 saat ərzində uğurla yekunlaşan lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçı hərbi birləşmələr tam tərk-silah edildi və ləğv olundu.  Ölkənin hər bir nöqtəsində Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarının aliliyi təmin edildi. Azərbaycan öz hüquqi və siyasi suverenliyini tam bərpa etdi.

Dövlət Suverenliyi Günü sadəce bir təqvim tarixi deyil, müasir Azərbaycan dövlətçiliyinin sütunlarını təşkil edən fundamental dəyərlərin təzahürüdür. Bu tarix xalq-iqtidar-ordu birliyinin, Silahlı Qüvvələrimizin peşəkarlığının və qəhrəmanlığının təntənəsidir.

 Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquq normalarına əsaslanaraq öz suveren ərazisində qayda-qanunu tam bərpa edən Azərbaycan, regionda dayanıqlı sülhün və təhlükəsizliyin əsas zəmanətçisinə çevrilmişdir. Suverenlik günü Vətən torpaqlarının azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhuna olan ən ali ehtiramın ifadəsidir.

Bu gün Azərbaycan Respublikasının dövlət bayrağı Xankəndidə, Xocalıda, Şuşada, Laçında, Kəlbəcərdə və azad olunmuş bütün digər şəhər və kəndlərimizdə qürurla dalğalanır. Suverenliyin tam bərqərar olunması azad edilmiş torpaqlarda "Böyük Qayıdış" proqramının tam miqyasda reallaşdırılmasına, infrastrukturun qurulmasına və dinc həyatın bərpasına geniş imkanlar açmışdır.

20 Sentyabr – Dövlət Suverenliyi Günü hər bir Azərbaycan vətəndaşı üçün müstəqil, qüdrətli və bölünməz Azərbaycanın əbədi yaşayacağının parlaq rəmzidir.