YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər epopeyasının zirvəsi: Dövlət Suverenliyi Günü

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Azərbaycan 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda 15 min nəfərlik erməni terrorçu dəstələrinə qarşı həyata keçirdiyi lokal antiterror əməliyyatı nəticəsində öz torpaqlarını 30 il davam edən erməni işğalından azad etmişdir. Bu möhtəşəm Zəfər Ali Baş Komandanımızın qətiyyətli siyasətinin, xalqımızın əyilməz iradəsinin, ordumuzun peşəkarlığının təntənəsi oldu.

Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş əraziləri üzərində özünün dövlət suverenliyini tam bərpa etməsi bugünün prizmasından baxdıqda, bir proses kimi nəzərdən keçirilməlidir. Şübhəsiz, bu istiqamətdə ilk hərbi addımlar 2026-cı ilin aprel döyüşləri və 2018-ci ilin may ayında Günnüt əməliyyatı oldu. Hər iki halda erməni hərbi təxribatına qarşı Azərbaycan Ordusu tərəfindən başlayan əks-hərbi əməliyyatlar uğurla nəticələndi. Aprel döyüşlərində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Günnüt kəndi istiqamətində başlanan əks-hücum əməliyyatı isə Günnüt kəndi ilə birlikdə 11 min hektar ərazimizin yenidən Azərbaycan Ordusunun nəzarəti altına alınması ilə nəticələndi. Kəndin ətrafında yerləşən Xunut, Mehridağ və Qızılqaya yüksəklikləri Azərbaycanın nəzarəti altına qaytarıldı. Qızılqaya yüksəkliyinin ələ keçirilməsi Ermə­nistan ərazisindən keçən Yexeqnad­zor-Gorus-Laçın-Xankəndi yolunun nəzarət altına alınmasına imkan verdi. Azad olun­muş ərazilərin 8 min hektarı əkinçilik üçün yaralı olan torpaqlar idi.

Bununla da, cinayətkar erməni rəhbərlərinin haqqında mif uydurduqları keçilməz erməni səngərləri haqqında mif alt-üst edildi.

2020-ci ilin iyulunda Ermənistan ordusunun bölmələri Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi artilleriya atəşinə tutaraq hücuma keçməyə cəhd göstərdi. Azərbaycan Ordusu düşmənə sarsıdıcı cavab zərbələri endirərək onun irəliləməsinə imkan vermədi. Bu hadisələr xalqın birliyini daha da gücləndirmiş və həmin ilin payızında başlanan həlledici müharibəyə aparan yolda mühüm dönüş nöqtələrindən biri oldu.

Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi prosesi isə bilavasitə 2020-ci il sentyabrın 27-də növbəti erməni hərbi təxribatının qarşısının alınması üçün başlayan “Dəmir yumruq” adı verilmiş əks-hücum əməliyyatı oldu. Noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu döyüş meydanında böyük rəşadət göstərərək 5 şəhər, 4 qəsəbə və 286 kəndi azad etdi. Vətən müharibəsinin fəal fazası noyabrın 10-da Üçtərəfli Bəyanatla başa çatdı, razılaşmaya görə 2020-ci il noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana qaytarıldı.

Lakin Xankəndi şəhəri, Xocavənd, Xocalı və Ağdərə rayonlarının ərazisi Bəyanata əsasən Qarabağın işğal altında qalan ərazisinə daxil olan Rusiya sülhməramlı qüvvələrinin himayəsi altında olan qondarma erməni xuntasının nəzarətində qaldı. Eyni zamanda Azərbaycanın humanizm göstərərək Qarabağın erməni əhalisinin Ermənistanla zəruri humanitar əlaqəsini təmin etməsi üçün razılıq verdiyi Laçın dəhlizi isə bu ölkədən separatçıların qanunsuz silah-sursat mina daşıması və terrorçuların ərazilərimizə daxil olması üçün istifadə etdiyi yola çevrildi. Halbuki 10 noyabr Bəyanatına əsasən Vətən müharibəsindən sonra erməni silahlı birləşmələri məhz bu yolla Azərbaycanı tərk edib Ermənistana qayıtmalı idilər. Bu azmış kimi, bu yolla hələ də Qarabağdakı faydalı qazıntı yataqlarının qanunsuz istismarı və Ermənistana daşınması prosesi davam etdirilirdi. Xankəndini zəbt etmiş qanunsuz xuntanın öz mövqelərini minalaması, hərbi qüvvələrini döyüşə hazır vəziyyətə gətirməsi və Azərbaycan Ordusunun mövqelərini mütəmadi atəşə tutması antiterror əməliyyatını artıq qaçılmaz edirdi.

Elə məhz bu səbəbdən 2023-cü il aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində, Həkəri çayı üzərində Laçın sərhəd-keçid buraxılış məntəqəsi quruldu. Bu tarixi addım Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin praktiki olaraq tam təmin edilməsində mühüm mərhələ oldu. Azərbaycan bu addımla öz sərhədlərinə tam nəzarət etdiyini və beynəlxalq hüquqa uyğun olaraq öz suveren hüquqlarını bərpa etdiyini bütün dünyaya nümayiş etdirdi. Ən sonda məhz bu hadisə keçmişdə Azərbaycana qarşı müharibə cinayətləri törətmiş şəxslərin Ermənistana qaçmaq istəyərkən saxlanılmasına imkan verdi.

Laçın sərhəd-keçid məntəqəsinin qurulması suverenliyimizin tam təmin edilməsi istiqamətində atılan strateji və həlledici addım olmaqla, Azərbaycanın dövlət sərhədlərinin bütövlüyünü qəti olaraq təmin etdi, həmin ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri üçün mühüm zəmin yarandı və düşmən üzərində tam qələbənin əsası qoyuldu. Antiterror əməliyyatının məhz sentyabrın 19-da başlanması üçün bilavasitə əsas yaradan səbəb isə həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Xocavənddə erməni diversiya qruplarının basdırdığı minaların partlaması nəticəsində azərbaycanlı polis əməkdaşlarının və mülki şəxslərin şəhid olması hadisəsi oldu. Silahlı Qüvvələrimiz tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri bir gündən də az müddətdə davam edərək Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatdı. Bu tarixi əməliyyat nəticəsində Azərbaycan öz dövlət suverenliyini və konstitusiya quruluşunu ölkənin bütün ərazilərində tam bərpa etdi.

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində olduğu kimi, ön xətdə və dərinlikdə yalnız qanunsuz erməni birləşmələrinin uzunmüddətli atəş nöqtələrini, hərbi obyektlərini və döyüş vasitələrini hədəf aldı. Qısa müddətdə düşmənin hava hücumundan müdafiə sistemləri, radioelektron mübarizə stansiyaları və 90-dan çox döyüş mövqeyi darmadağın edildi, strateji yüksəkliklər nəzarətə götürüldü. Mülki infrastruktur və dinc sakinlər heç bir zərər görmədi. Azərbaycan tərəfi mülki əhalinin təhlükəsiz zonaya təxliyəsi üçün humanitar dəhlizlər təşkil etdi. Ağır itkilər verən və tam mühasirəyə düşən qanunsuz rejim sentyabrın 20-si saat 13:00-da Azərbaycanın irəli sürdüyü şərtləri qəbul edərək ağ bayraq qaldırdı və təslim oldu. Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri və qanunsuz erməni hərbi dəstələri silahları yerə qoydu, döyüş mövqelərindən çıxdı və tamamilə tərksilah olundu. Qondarma və separatçı rejim özünü buraxdığını elan etdi. Sonrakı günlərdə separatçıların rəhbərləri (A.Arutyunyan, B.Saakyan, A.Qukasyan, R.Vardanyan və s.) Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq Bakıya gətirildi.

Tam və həlledici qələbə nəticəsində Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərləri tamamilə Azərbaycanın nəzarətinə keçdi və bu şəhərlərdə oktyabrın 15-də Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı. Bununla da, Azərbaycandakı separatizm yuvası birdəfəlik məhv edildi və ölkənin bütün ərazisində qanunun aliliyi təmin olundu. Azərbaycan Prezidentinin hadisənin ilk ildönümündə Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə qeyd etdiyi kimi: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.

Məhz bu tarixi reallığın nəticəsi olaraq, “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr tarixi ölkəmizdə Dövlət Suverenliyi Günü elan edildi. Azərbaycanın dövlətçilik və hərbi-siyasi tarixində öz möhtəşəmliyi və unikal əhəmiyyəti olan Dövlət Suverenliyi Günü sadəcə təqvim bayramı deyil, o, müasir Azərbaycan dövlətinin mövcudluğunun və institusional davamlılığının əsasıdır. Bu gün suverenliyimiz ölkəmizin hər bir guşəsində, o cümlədən yeni infrastruktur layihələrində, quruculuq işlərində və gündəlik həyatımızda əks olunur. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Nazirlər Kabinetinin qərarı ilə Bakı Metropoliteninin yeni stansiyasına məhz “20 Sentyabr” adının verilməsi bu tarixi günün xalqımızın yaddaşında əbədiləşdirilməsinin, gələcək nəsillərə ötürülən qürur simvolunun daha bir bariz nümunəsidir.

Prezident İlham Əliyevin 2024-cü ilin sentyabrında Qarabağ Universitetindəki çıxışında vurğuladığı fikirlər bu günün tarixi əhəmiyyətinə daha aydın işıq salır: “Yenə də bu gün Ulu Öndərin xatirəsinə hörmət ifadə edərək bir daha deyirik və görürük ki, əgər 1993-cü ildə xalqın tələbi ilə o, Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı. Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr – Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi”.