YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan İslam dünyasının birlik və həmrəyliyinə yeni töhfələr verir

Ülvi Fərzəliyev

YAP Neftçala rayon təşkilatının sədri

Müasir dövrdə beynəlxalq münasibətlər sistemində siyasi ziddiyyətlərin, silahlı qarşıdurmaların və dini ayrı-seçkiliyin güclənməsi dövlətlər və xalqlar arasında dialoqun təşviqini daha da vacib edir. Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrini bir araya gətirən, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və ortaq dəyərlər ətrafında birliyin təmin olunmasına töhfə verən nüfuzlu beynəlxalq mərkəz kimi tanınır.

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi Azərbaycanın dini-mənəvi əməkdaşlığa verdiyi yüksək əhəmiyyəti bir daha göstərdi. Dövlətimizin başçısının qəbul zamanı səsləndirdiyi fikirlər ölkəmizin Türk dünyası, Qafqaz və İslam aləmi arasında mühüm əlaqələndirici rol oynadığını təsdiqlədi.

Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının keçirilməsi Türk dünyası daxilində dini-mənəvi əməkdaşlığın gücləndirilməsi baxımından mühüm hadisə oldu. Toplantı ortaq tarixi və mənəvi dəyərlərin qorunması, müsəlman icmaları arasında əlaqələrin genişləndirilməsi, dini liderlərin sülhün və qarşılıqlı anlaşmanın təmin olunmasındakı rolunun artırılması üçün əhəmiyyətli müzakirə platforması yaratdı.

Azərbaycanın belə mötəbər toplantıya ev sahibliyi etməsi təsadüfi deyildi. Ölkəmiz Türk dünyasının ayrılmaz hissəsi olmaqla yanaşı, Qafqazda yerləşən və region xalqları ilə sıx tarixi əlaqələrə malik olan dövlətdir. Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi kimi iki böyük coğrafi və mədəni məkan arasında körpü rolunu oynayır. Bakıda Türk dövlətləri ilə yanaşı, digər ölkələrin və regionların dini rəhbərlərinin bir araya gəlməsi Azərbaycanın bu mövqeyinin praktik ifadəsi oldu.

Eyni günlərdə Bakıda böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın təşkili də dərin rəmzi məna daşıyırdı. XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvinin zəngin elmi-fəlsəfi irsi mənəvi kamilliyi, mərhəməti, qarşılıqlı hörməti və birliyi təşviq edir. Onun ideyaları yalnız Azərbaycan xalqının deyil, bütövlükdə İslam mədəniyyətinin qiymətli sərvətidir. Bu irsin beynəlxalq səviyyədə təbliği Azərbaycanın bəşəriyyətə bəxş etdiyi mənəvi dəyərlərin dünyaya çatdırılmasına xidmət edir.

Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsinə verdiyi töhfələr konkret təşəbbüslərdə və həyata keçirilən tədbirlərdə özünü göstərir. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etmiş, müsəlman dövlətləri arasında siyasi, mədəni, elmi və humanitar əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr vermişdir. Azərbaycanın mövqeyi İslam dünyasında qarşıdurmaların deyil, birlik və əməkdaşlıq meyillərinin gücləndirilməsinə əsaslanır.

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və həmin il Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ölkəmizin müsəlman dünyasının birliyinə verdiyi önəmin parlaq ifadəsi oldu. Müxtəlif müsəlman ölkələrini təmsil edən idmançıların və qonaqların Bakıda bir araya gəlməsi İslam aləminin dostluq və həmrəyliyinin nümayişinə çevrildi.

2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın İslam dünyasındakı nüfuzunun və ölkəmizə göstərilən yüksək etimadın növbəti göstəricisidir. Dünyada mürəkkəb siyasi proseslərin və silahlı qarşıdurmaların davam etdiyi bir dövrdə 57 müsəlman dövlətini birləşdirən təşkilatın ali səviyyəli toplantısının Azərbaycanda təşkili mühüm siyasi əhəmiyyət daşıyır. Zirvə Görüşü müsəlman dövlətlərinin üzləşdiyi problemlərin müzakirəsi, ortaq mövqelərin formalaşdırılması və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün əlverişli imkan yaradacaq.

Dünyanın müxtəlif bölgələrində islamofobiyanın, dini dözümsüzlüyün və müsəlman icmalarına qarşı ayrı-seçkiliyin artması İslam ölkələrinin həmrəyliyini daha da zəruri edir. Müqəddəs dəyərlərin təhqir olunmasına və dini mənsubiyyətə görə ayrı-seçkiliyə qarşı vahid mövqedən çıxış edilməlidir. Azərbaycan islamofobiyanı yalnız müsəlman ölkələrinin deyil, bütün bəşəriyyətin üzləşdiyi təhlükə kimi qiymətləndirir və beynəlxalq platformalarda dini-mədəni müxtəlifliyə hörmət göstərilməsinin vacibliyini ardıcıl şəkildə gündəmə gətirir.

Ölkəmizin bu çağırışlarının mənəvi əsasını Azərbaycanda əsrlər boyu formalaşmış tolerantlıq və multikulturalizm ənənələri təşkil edir. Müxtəlif dinlərin və xalqların nümayəndələri ölkəmizdə qarşılıqlı hörmət şəraitində yaşayırlar. Məscidlərin, kilsələrin və sinaqoqların dövlət tərəfindən qorunması və bərpa edilməsi dini müxtəlifliyin milli sərvət kimi qəbul olunduğunu göstərir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modeli dini etiqad azadlığının təmin edilməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və dinlərarası münasibətlərin inkişafına əsaslanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilmiş, Azərbaycan multikulturalizm və dinlərarası dialoq sahəsində nümunəvi dövlət kimi tanınmışdır.

Bakı Humanitar Forumu, Dünya Dini Liderlərinin Zirvə Görüşü, Mədəniyyətlərarası Dialoq Forumu və digər mötəbər tədbirlər Azərbaycanın qlobal dialoq platformasına çevrilməsində mühüm rol oynayıb. Müxtəlif siyasi, dini və mədəni mövqeləri təmsil edən şəxslərin Bakıda bir araya gəlməsi, müzakirələr aparması və ortaq çağırışlarla çıxış etməsi ölkəmizə göstərilən beynəlxalq etimadın ifadəsidir. Azərbaycan milli kimliyini, İslam mədəniyyətinə bağlılığını və dünyəvi dövlətçilik prinsiplərini qorumaqla müxtəlif sivilizasiyalar arasında səmərəli dialoq qurur. Bu model dini dəyərlərlə müasir inkişafın, milli ənənələrlə qlobal əməkdaşlığın uğurla uzlaşdırılmasının mümkünlüyünü nümayiş etdirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Türk dünyası, Qafqaz və İslam aləmi arasında birlik və əməkdaşlıq körpüsünü möhkəmləndirir. Bakının 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcək şəhər kimi seçilməsi ölkəmizin birləşdirici rolunun və sülhə əsaslanan siyasətinin məntiqi nəticəsidir. Azərbaycan bundan sonra da müsəlman dövlətləri arasında qarşılıqlı etimadın artırılmasına və əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək. Bakı isə İslam dünyasının birlik, dialoq və həmrəylik mərkəzi kimi öz tarixi missiyasını uğurla davam etdirəcəkdir.