Xəbərlər
Sabunçu rayonunda Neftçilər Günü qeyd olunub
20 sentyabr - Neftçilər Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının “Seyid Hüseyn küçəsi 1” ünvanı üzrə ərazi partiya təşkilatında (Balaxanı Əməliyyat Şirkəti) tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tarixi Balaxanı mədənlərinə həsr olunmuş “Od və Günəş” adlı sənədli film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Balaxanı Əməliyyat Şirkətinin prezidenti Rövşən Rzayev 20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin Azərbaycanın müasir tarixində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, bu müqavilə müstəqil Azərbaycanın dinamik inkişafının əsasını qoyub, dünyanın nüfuzlu dövlətləri və iri şirkətlərinin ölkəmizə cəlb olunmasına imkan yaradıb. Qeyd olunub ki, “Əsrin müqaviləsi” Azərbaycanın öz təbii sərvətlərinə tam sahib olduğunu və müstəqil dövlət kimi iqtisadi potensialını dünya ictimaiyyətinə nümayiş etdirən mühüm tarixi addımlardan biri olub.
Çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov neftçiləri peşə bayramları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Araz Xudadanov qeyd edib ki, müstəqil və suveren Azərbaycanın əldə etdiyi uğurların təməlində strateji və məqsədyönlü iqtisadi siyasət dayanır. O, 20 sentyabr tarixinin “Neftçilər Günü” ilə yanaşı, “Dövlət Suverenliyi Günü” kimi qeyd olunmasının da ölkənin siyasi və iqtisadi inkişafının mühüm rəmzlərindən biri olduğunu bildirib.
Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. O, Yeni Azərbaycan Partiyasının dövlətçiliyin möhkəmləndirilməsi, cəmiyyətin inkişafı və yeniləşməsi istiqamətində həyata keçirilən proseslərdə rolunu vurğulayıb.
Tədbirin sonunda uzun illər neft sənayesində çalışan bir qrup neftçiyə YAP Sabunçu rayon təşkilatı tərəfindən fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.
