Xəbərlər
Məramımız, məqsədimiz birdir

“Dərin tarixi köklərə malik Azərbaycan - İran münasibətləri bu gündə inkişaf edir. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın böyük heyətlə Azərbaycana rəsmi səfəri əlaqələrimizin lazımi səviyyədə olmasının təzahürü oldu”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatlarla çıxışı zamanı ölkəmizin Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu səfər Azərbaycan-İran dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək.
Dövlət başçımız iki ölkə arasında həm coğrafi, həm də mənəvi bağlılığın dərinliyini nümayiş etdirərək, bildirib ki, məramımız, məqsədimiz birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır.
Azərbaycan Respublikası İran İslam Respublikası ilə hər iki tərəfdən güclü siyasi iradənin mövcudluğu təməl olmaqla, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əlaqələrin inkişafına önəm verir. Xalqlar arasında tarixi və mədəni bağlılıqlar iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaradır və bu gün ikitərəfli əlaqələrimiz ticarət-iqtisadi, enerji, energetika, nəqliyyat logistika, kənd təsərrüfatı, humanitar və digər sahələr üzrə inkişaf edir.
Millət vəkili onu da deyib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki dövlət arasında diplomatik münasibətlər sürətlə inkişaf etməyə başlayıb. Elə ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də İran İslam Respublikası olub.
Xalqımızın Ulu Öndəri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi illərdə Ermənistan tərəfindən blokada şəraitinə düşmüş bu diyarın üzləşdiyi çətinliklərin, qismən də olsa, aradan qaldırılması üçün İranla iqtisadi, humanitar və ticarət sahəsində əlaqələrin qurulmasına nail olunub. Həmin dövrdə İrandan Azərbaycana qaz verilməsi, cənub qonşumuzun ərazisindən keçərək Naxçıvana gediş-gəliş məsələləri barədə əldə olunmuş razılaşmalar xüsusi əhəmiyyət daşıyıb. Dahi Liderin gərgin əməyi və diplomatik fəaliyyəti sayəsində Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən yaradılan nəqliyyat, enerji blokadası yarılıb.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlişindən sonra İranla münasibətlər yeni mərhələyə qədəm qoydu. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də cənub qonşumuzla müxtəlif istiqamətlərdə əlaqələrin möhkəmləndirilməsini diqqətdə saxlayıb.
Müasir dövrdə bölgənin sabitliyi üçün İran-Azərbaycan münasibətləri böyük əhəmiyyət daşıyır. İran və Azərbaycan Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO) və BMT-də bir-birinə dəstək verirlər. Azərbaycanla İran arasında Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan-Türkiyə və 3+3 regional məşvərət mexanizmi çərçivəsində də əməkdaşlıq mövcuddur.
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, hər iki dövlət rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri ölkələrimiz arasında münasibətlərin daha da dərinləşdirilməsinə əlverişli imkanlar yaradıb. İqtisadi, nəqliyyat, mədəniyyət, energetika və s. sahələrə dair mühüm sənədlər, Araz çayının hidroenergetika potensialından birgə istifadə, mülki aviasiya sahəsində əməkdaşlığın inkişafı barədə sazişlər imzalanıb.
“Biz bu gün geniş gündəlik əsasında fəaliyyət göstəririk. Burada həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, - bu barədə fikir mübadiləsi aparılmışdır, - eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var. Təbii olaraq bizim ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər verildi. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. Birinci mərhələdə hörmətli Prezidentlə təkbətək və məhdud tərkibdəki görüş əsnasında fikir mübadiləsi aparılmışdır. Yəni, məramımız, məqsədimiz birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır. Bunun üçün yenə də deyirəm, müvafiq göstərişlər verildi və əminəm ki, bu göstərişlər yerinə yetiriləcək”. Ölkə Prezidentimiz İlham Əliyevin söylədiyi bu fikirlər bir daha təsdiq edir ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində dövlət başçıları arasında keçirilmiş görüşlər, imzalanmış mühüm sənədlər ölkələrimiz arasında çoxtərəfli münasibətlərin möhkəmlənməsinə təkan verəcək.