Xəbərlər
Ortaq tarix, qarşılıqlı maraqlar

Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər zəngin tarixi köklərə, ortaq mədəniyyətə, dini və etnik bağlılığa əsaslanır. Coğrafi yaxınlıq və ortaq sərhədlər bu qonşu ölkələr arasında əməkdaşlığın yaranmasına səbəb olmuşdur.
1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər quruldu və bu əlaqələr enerji, nəqliyyat və ticarət sahələrində inkişaf uğurla inkişaf edir. Hər iki ölkə arasında iqtisadi, mədəni, dini və siyasi sahələrdə əməkdaşlıq imkanları mövcuddur. Xüsusilə enerji və nəqliyyat layihələri bu əməkdaşlığın əsas sütunlarından birinə çevrilmişdir. Şimal-Cənub nəqliyyat dəhlizi əməkdaşlığın regional əhəmiyyətini artıran strateji layihələrdən biridir. Azərbaycan-İran əlaqələrinin inkişaf etdirilməsi regionda sabitlik, iqtisadi tərəqqi və xalqlar arasında dostluq baxımından mühüm əhəmiyyət kəsb edir.
28 aprel tarixində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu səfər təkcə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından deyil, həm də regionda sabitlik və əməkdaşlığın gücləndirilməsi istiqamətində əhəmiyyətli bir hadisə olub.
Səfər çərçivəsində Prezident Məsud Pezeşkiyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmüş, siyasi, iqtisadi, nəqliyyat, enerji və mədəniyyət sahələrində birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşlər zamanı xüsusilə Araz Dəhlizi layihəsi və Cənubi Qafqazda yeni kommunikasiya xəritəsinin formalaşması məsələləri diqqət mərkəzində olub. Bu təşəbbüslər həm iki ölkənin iqtisadi maraqlarına xidmət edir, həm də regionda daha geniş inteqrasiya imkanlarını artırır.
Azərbaycan-İran Biznes Forumu isə iqtisadi münasibətlərin inkişafı baxımından əhəmiyyətli platformaya çevrilib. Forumda hər iki ölkənin iş adamları, nazirlik və agentlik nümayəndələri iştirak edərək sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarını araşdırdılar. İran şirkətləri Azərbaycanda həyata keçirilən iri infrastruktur layihələrində iştiraka dəvət olunub.
Ən diqqətçəkən məqamlardan biri də səfər çərçivəsində imzalanan sənədlər oldu. Siyasi məsləhətləşmələr proqramı, nəqliyyat sahəsində əməkdaşlıq memorandumu, mədəniyyət və media üzrə razılaşmalar qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın göstəricisidir.
İran Prezidentinin Azərbaycana rəsmi səfəri, iki qonşu və dost ölkə arasında münasibətlərin dərinləşməsi, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq modelinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər Cənubi Qafqaz regionunda sülhün və inkişafın təşviqinə töhfə verməklə yanaşı, gələcək nəsillər üçün də mühüm təməl yaradır.