Xəbərlər
Azərbaycan-İran münasibətləri ortaq dəyərlərə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır

Asif Əsgərov
Milli Məclisin deputatı
Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki qonşu ölkə arasında münasibətlərin dərin tarixi köklərə, etibarlı dostluq və tərəfdaşlığa əsaslandığını bir daha təsdiqləyir. Keçirilən görüşlər, imzalanan çoxsaylı sənədlər, səsləndirilən bəyanatlar bu səfəri təkcə diplomatik hadisə deyil, həm də regional geosiyasətin mühüm amili kimi ön plana çıxarır.
İki ölkə arasında münasibətlər əsrlərlə formalaşmış ortaq mədəniyyət və tarixi ənənələr üzərində qurulub. İki xalqın tarix boyunca bir-biri ilə sıx təmasda olması, ortaq sivilizasiya dəyərləri yaratması və mənəvi bağlılıqları dövlətlərin bugünkü diplomatik münasibətlərinə də dərin təsir göstərir. Məhz bu zəngin tarixi və mənəvi irs əsasında ölkələrarası münasibətlər suverenliyə hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Bu dəyərlər siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsinə əlverişli zəmin yaradır.
Azərbaycan və İran arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlıq iki ölkənin strateji yaxınlığını və siyasi koordinasiyasını əks etdirir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər nüfuzlu qurumlar daxilində dövlətlər bir-birinin mövqeyini dəstəkləməklə həm ikitərəfli münasibətlərin möhkəmlənməsinə, həm də regional və qlobal məsələlərdə ümumi baxışların formalaşmasına töhfə verirlər. Bu əməkdaşlıq konkret siyasi təşəbbüslərin irəli sürülməsi, qarşılıqlı maraqların müdafiəsi və beynəlxalq platformalarda koordinasiyalı fəaliyyət şəklində öz əksini tapır. Tərəflər həmin sahədə əməkdaşlığın gələcəkdə daha geniş və sistemli şəkildə davam etdirilməsi üçün mühüm potensiala malikdir.
İki ölkə arasında münasibətlərin mühüm tərkib hissəsini təşkil edən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi regional və qlobal səviyyədə nəqliyyat-logistika imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Bu dəhliz həm iki ölkə arasında ticarət dövriyyəsinin artması, eyni zamanda Avropa ilə Asiya arasında daha sürətli və səmərəli yükdaşımaların həyata keçirilməsinə xidmət edir. Azərbaycan son illər ərzində öz ərazisində bu dəhlizin effektivliyini artırmaq məqsədilə müasir nəqliyyat və logistika infrastrukturunu - avtomobil və dəmir yolları, liman və gömrük-logistika mərkəzlərini inkişaf etdirərək bu sahədə ciddi irəliləyişlərə nail olub. İranla bu istiqamətdə həyata keçirilən koordinasiyalı fəaliyyət isə dəhlizin bütövlükdə rəqabətqabiliyyətini və tranzit potensialını daha da gücləndirir. Tərəflər arasında birgə layihələrin reallaşdırılması, infrastrukturun uzlaşdırılması və gömrük prosedurlarının sadələşdirilməsi kimi məsələlər əməkdaşlığın gələcək mərhələsində əsas prioritetlər kimi müəyyən olunub. Beləliklə, Şimal-Cənub dəhlizi təkcə regional inteqrasiyanın deyil, həm də tərəfdaşlığın real təzahürü kimi mühüm önəm kəsb edir.
Rəsmi görüşlərdə siyasi dialoqla yanaşı, iqtisadi, ticarət, nəqliyyat, energetika, mədəniyyət və media sahələrində əməkdaşlığın dərinləşdirilməsi əsas müzakirə mövzuları olub. Tərəflər bu sahələrdə qarşılıqlı maraqları əsas götürərək əməkdaşlığın genişləndirilməsində qərarlı olduqlarını ifadə ediblər. Səfər çərçivəsində imzalanmış beş mühüm sənəd, o cümlədən siyasi məsləhətləşmələr və mədəni mübadilə proqramları, dənizçilərin sertifikatlarının qarşılıqlı tanınması, nəqliyyat və media sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumları ölkələr arasında çoxşaxəli əlaqələrin institusional əsaslar üzərində inkişafına xidmət edəcək. Bu sənədlər yaxın perspektivdə iki dövlət arasında praktiki əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməklə yanaşı, əlaqələrin davamlı və sistemli şəkildə genişlənməsinə də zəmin yaradacaq.
Azərbaycan və İran arasında formalaşan geniş hüquqi baza ikitərəfli münasibətlərin ardıcıl, sabit və uzunmüddətli inkişafına möhkəm zəmin yaradır. İndiyədək iki ölkə arasında müxtəlif sahələri əhatə edən 147 sənəd imzalanıb ki, bu da əməkdaşlığın sistemli şəkildə qurulmasına, tərəflər arasında qarşılıqlı öhdəliklərin və hüquqi mexanizmlərin aydın şəkildə müəyyən edilməsinə imkan verir. Bu mexanizmlər vasitəsilə ticarət, nəqliyyat, energetika, sərhəd təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, turizm və humanitar sahələr üzrə konkret layihələr və fəaliyyət istiqamətləri razılaşdırılır. Hüquqi və institusional çərçivənin güclü olması Azərbaycan-İran münasibətlərinin davamlılığını və proqnozlaşdırıla bilməsini təmin edən əsas amillərdəndir.
Beləliklə, bu səfər Azərbaycan-İran münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. İmzalanmış sənədlər, müzakirə olunan layihələr və səsləndirilən fikirlər iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir.