Xəbərlər
Bərdədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş intellektual bilik yarışması keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə hərs olunmuş intellektual bilik yarışması keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Açılış mərasimində çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, Dahi Liderin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. O bildirib ki, Ümummilli Lider hər zaman dövlətin gələcəyinin gənclərin bilikli, geniş dünyagörüşlü və vətənpərvər olmasından asılı olduğunu vurğulayıb, onlara böyük inam bəsləyib. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbədə gənclər əsl vətənpərvərlik nümunəsi nümayiş etdiriblər.
Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə sektorunun müdiri Aydın Qasımov çıxışında Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın qəbulunun 30-cu ildönümü və dövlət suverenliyimizin bərpasının 5-ci ildönümü münasibətilə əlamətdar məqamları diqqətə çatdıraraq müstəqil dövlətçiliyimizin əsas sütunlarının möhkəm təməl üzərində qurulduğunu xüsusi vurğuyıb.
Yarışda Bərdə ASAN Xidmət Mərkəzi, Bərdə Peşə Təhsili Mərkəzi, Bərdə Dövlət İdarəetmə və Texnologiya kolleci, həmçinin şəhərin 4 və 5 saylı tam orta məktəblərinin gənclərdən ibarət komandaları yarışıblar.
Yekunda qalib gələn komandalara, o cümlədən birinci yerin qalib komandasının üzvlərinə Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının hədiyyələri və təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.