YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Regional güc olaraq Azərbaycanın rolu daha da artır

Ramid Namazov

Milli Məclisin deputatı

Azərbaycan və İran xalqları əsrlər boyu mehriban qonşuluq və dostluq şəraitində yaşayıb. Hər iki xalq ortaq mədəniyyətə, tarixə və dinə malikdir. Qarşılıqlı hörmətə əsaslanan tarixi-mədəni əlaqələr ikitərəfli və regional müstəvidə, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edib. Hər iki ölkənin siyasi rəhbərliyinin siyasi iradəsi iki müstəqil dövlət arasında əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynayıb.

Ulu Öndər Heydər Əliyevin İran İslam Respublikası ilə səmimi qonşuluq və geniş əməkdaşlıq əlaqələrinin bünövrəsini qoyması münasibətlərin dayanıqlı inkişafını təmin edib. Möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər Prezident İlham Əliyevin davam etdirdiyi müdrik siyasi kurs sayəsində yeni mərhələyə adlayıb, dövlətimizin başçısının 2014-cü il aprelində İrana səfəri zamanı tərəflər arasında imzalanan bir sıra sazişlər isə ikitərəfli əlaqələrin hərarətinin daha da yüksəldib.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü, iki ölkə arasında imzalanan yeni sazişlər, o cümlədən Prezidentlər səviyyəsində imzalanmış sənəd münasibətlərdə yeni tarixi dövrün başlanğıcı kimi dəyərləndirilə bilər.

BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində əməkdaşlıq edən Azərbaycan və İran müasir reallıqlara əsaslanaraq yeni geniş gündəlik əsasında fəaliyyətlərini gücləndirməkdə qərarlıdır. Bu baxımdan İran dövlət başçısının səfəri yeni hədəf kursunu müəyyən edir.

Cənab Prezidentin mətbuata bəyanatında qeyd etdiyi kimi, bu səfər Azərbaycan-İran dostluq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək. “Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına  çalışmalıdır  və çalışır”.

Səfər çoxtərəfli əməkdaşlıq üçün münbit şəraiti təşviq edir, iqtisadi əlaqələrinin inkişafı ilə bağlı konkret göstərişlərin icrasına zəmin yaradır.  Nəqliyyat bağlantılarında qlobal tranzit körpüsü olan Şimal-Cənub dəhlizininin imkanlarının artırılması üçün əlavə stimulları səfərbər edir.

Səfər çərçivəsində imzalanmış Prezidentlərin Birgə Bəyanatı, Xarici İşlər Nazirlikləri arasında imzalanmış “2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı”, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın  I/10-cu qaydasına əsasən sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”, habelə  Mədəniyyət Nazirlikləri arasında imzalanan “2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı” ikitərəfli münasibətlərin yeni möhkəm arxitekturasını formalaşdırır.

Bir sözlə, məram və məqsəd birdir ‒ Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaq. İranın dövlət başçısının bəyan etdiyi kimi əlaqələri elə bir dərin etimad və hörmət prinsipləri üzərində zirvəyə çatdırmalıyıq ki, bu təmaslar Avropa ölkələri arasında olan əlaqələrdən daha üstün olsun. Bunun üçün həqiqətən imkan və fürsətlərin gündəliyi çox genişdir. Xüsusilə də sürətlə dəyişən qlobal coğrafiyada yenilənən nəqliyyat-logistika qovşaqlarında hər iki ölkənin strateji mövqe tutması, Şimal-Cənub, Şərq-Qərb dəhlizləri üzərində yerləşərək müasir kommunikasiya bağlantılarını əlaqələndirməsi geniş qapılar açır.

Tərəflər arasında iqtisadi əlaqələrin inkişafında Azərbaycan-İran hökumətlərarası komissiyasının fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev təmaslarda daha yüksək nəticələr əldə etmək üçün iki ölkənin iş adamlarının üzərinə də böyük vəzifələr düşdüyünü xatırlatdı.

Prezidentlərin iştirakı ilə biznes-forumun keçirilməsi isə ticarət, iqtisadi, sərmayə qoyuluşu və digər sahələrdə ciddi irəliləyişlərə nail olmaq üçün unikal platformalardan biridir. Biznes-forumda İrandan gələn 120-dən çox iş adamı Azərbaycandakı həmkarları ilə artıq yaxın mübadilələr apararaq real layihələr ərsəyə gətirəcək. İki ölkə arasındakı ticarət dövriyyəsini və qarşılıqlı sərmayə qoyuluşunu artırmaq, müştərək müəssisələrin yaradılmasını və digər təşəbbüsləri gerçəkləşdirmək üçün müxtəlif iqtisadi-institusional alətlərdən, vergi, tariflər, biznes sahəsindəki qanunvericilik və s. məsələlərin daha da aydınlaşdırılması nəzərdə tutulur.

Azərbaycanın İranın sənaye və biznes cəmiyyətindən digər gözləntiləri azad edilmiş ərazilərdə icra olunan infrastruktur və biznes layihələrində təmsil olunması, “yaşıl enerji”nin istehsalı zəncirinə qoşulması, qlobal nəqliyyat bağlatılarını şaxələndirməsi ilə bağlıdır.

Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən layihənin böyük tranzit habına və Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin qoluna çevrilməsi əsas niyyətlərdən biridir. Bu dəhlizin bir qolu olan Araz çayı üzərindəki körpünün inşası demək olar ki, hazırdır və ilin sonuna qədər avtomobil körpüsünün istismara verilməsi gözlənilir. Növbəti hədəf isə dəmir yolu körpüsünün inşasıdır ki, Azərbaycan bu tranzit xəttini Zəngilan-Ağbənd istiqamətinə çatdırmaqda israrlıdır. Bir sözlə, Azərbaycan və İran arasındakı dostluq, qarşılıqlı siyasi iradə bu layihənin də icrasına dərin zəmin yaradır.

Beləliklə, Məsud Pezeşkianın Azərbaycana səfəri regionda təhlükəsizliyin dayanıqlı olması və ikitərəfli əlaqələrin inkişafında irəliyə doğru addım olmaqla, siyasi, iqtisadi və mədəni əlaqələri genişləndirmək, gələcəyə xoş ümid və sağlam siyasi niyyətlərlə baxaraq, bütün sahələrdə birgə hərəkət etmək üçün yeni yol xəritəsi sayılmalıdır. Hər iki ölkə açıq bəyan etdikləri mesajlarla qurduqları möhkəm təmasları daha da gücləndirməklə bağlı razılığa gəldi.

Ramid Namazov

Milli Məclisin deputatı

DİGƏR Xəbərlər Arxiv