Xəbərlər
Böyük Qayıdış proqramı çərçivəsində yeni hədəflər reallığa çevrilir

Hazırda Qarabağ və Şərqi Zəngəzurda həyat canlanır. Hazırda bu bölgədə yaşayan və işləyən insanların sayı 40 minə yaxındır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün bölgələri ilə yanaşı 30 ilə yaxın Ermənistanın işğalı altında olan ərazilərin bərpası və yenidən qurulması üçün ardıcıl proqramlar icra olunur. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki antiterror tədbirləri nəticəsində Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan və qəbul edilən ərazi bütövlüyünü, suverenliyini təmin edib. Artıq bu torpaqların əsl sahibləri onu yenidən qurur və canlandırır.
Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevinin Qarabağ və Şərqi Zəngəzura bu dəfəki səfərləri də mühüm tarixi əhatə etməklə yanaşı yaddaqalan məqamlarla qəngin oldu: “Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümündə işğaldan azad edilən bölgələrimizə insanların geri qayıdışı, açılışı edilən mühüm obyektlər, əsası qoyulan mühüm layihələrin tarixi əhəmiyyəti olduqca böyükdür. İkinci Qarabağ müharibəsinin başa çatmasından ötən 5 ilə yaxın müddətdə ərazilərin mənfur ermənilər tərəfindən basdırılmış minalardan təmizlənməsi ilə yanaşı bölgədə böyük-quruculuq-bərpa işləri icra olunur. Zəngilanda, Şuşada, Laçında, Cəbrayılda, Ağdərədə, Ağdamda, Ağalıda, Talış kənddə və işğaldan azad edilmiş digər ərazilərimizdə artıq keçmiş qaçqın və məcburi köçkünlər öz doğma yurdlarında məskunlaşıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirakı bu baxımında əlamətdar oldu. Bu dövlətimizin erməni barbarlarının 30 il dağıdıb viran qoyduğu, məhv etdiyi tarixi dini, mədəni abidələrin bərpası ilə yanaşı yeni məscidlərin də inşasının, ziyarətə açılmasının bariz nümunəsidir. Artıq Daşaltı kəndinin yenidən qurulması layihəsi də hazırlanıb ki, qısa zamanda bu kəndin sakinlərinin də öz ata-baba ocaqlarına geri dönüşü təmin olunacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı isə bu bölgədə yaşayan və çalışan insanlara xidmət edəcək. Bu bir reallıqdır ki, işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin yüksək səviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Şuşada bu cür müasir tibb ocağının yaradılması bunun əyani göstəricisidir”.
Deputat bildirib ki, mayın 9-da həmçinin ölkəmizin başçısı və birinci xanım Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər: “Həmin gün Prezident İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin və “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılış mərasimində iştirak edib. Sözsüz ki, atılan bu addımlar işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış Azərbaycanın iqtisadi potensialının artmasına geniş imkanlar yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyətinin təşviqi biznes cəlbediciliyinin artırılmasında, regionun inkişafında və əhalinin rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri həyata keçirilir”.
Təftiş Komissiyasının sədri bildirib ki, Prezident İlham Əliyev tərəfindən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı tarixi hadisə idi: “Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. İşğaldan azad olunmuş rayonlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin tərkib hissəsi kimi bu ərazilərimizdə mühüm yol-nəqliyyat layihələrinin icrasına da xüsusi diqqət yetirilir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, rayonun sosial-iqtisadi dirçəlişinə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək, öz ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat şəkildə səfər etməsində böyük rol oynayacaq, ümumilikdə Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə xidmət edəcək. Eyni zamanda, bu cür mühüm infrastruktur layihəsinin həyata keçirilməsi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizdə nəqliyyat sahəsində görülən işlərin ardıcıl və yüksək keyfiyyətlə davam etdiyinin bariz nümunəsidir”.
Sevinc Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışı, Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati bina, klub-icma mərkəzi, orta məktəb, körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi bu bölgəyə qayıdan insanların rahatlığına xidmət edəcək mühüm infrastruktur layihələrindən biridir. Ölkəmizin başçısının Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşü, onlara evlərin açarlarını təqdim etməsi qürurverici mənzərə idi. Dövlətimizin başçısı həmçinin Kənd sakinlərini ilə səmimi söhbəti zamanı onların keçmiş qaçqın və məcburi köçkün kimi yaşadıqları istirabların artıq sona çatdığı qeyd edib. Bəyan olundu ki, bu gün Qarabağ və Şərq Zəngəzurda yenidən həyat canlanır. Kəngərli kəndinin timsalında yeniləşən Azərbaycan, bərpa olunan Qarabağı görürük. Bu xalqımızın həyatında tarixi hadisədir. Sözsüz ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam Muğam Mərkəzinin açılışını etməsi isə xüsusi ilə əlamətdar hadisə oldu. Bu Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq. Muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb. Prezident İlham Əliyevdə Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışında bu tədbirin mayın 10-da keçirilməsinin, rəmzi məna daşıdığını diqqətə çatdırıb. Ulu Öndər Heydər Əliyevin doğum günündə belə bir hadisənin baş verməsinin qürurverici tarixi olduğu bir daha qeyd edilib”.