Xəbərlər
Siyasi etimad, iqtisadi perspektivlər

Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu və ölkəmizin hərbi-siyasi qələbələri ilə formalaşan yeni geosiyasi reallıq Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu nüfuz bizə istənilən güc mərkəzi ilə bərabərhüquqlu tərəfdaşlıq qurmaq imkanı verir. Dövlət başçısının uğurlu xarici siyasəti, icra olunan iri miqyaslı layihələr, Azərbaycanın strateji mövqeyi və digər mühüm amillər dünya ölkələrinin Azərbaycanla əməkdaşlığı genişləndirmək marağını daha da gücləndirir.
Mayın 6-da Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə Azərbaycan və Vyetnam arasında əməkdaşlıq və ikitərəfli münasibətlərin inkişafına xüsusi yer ayırıb.
Prezidenti İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində qeyd edib ki, Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. “2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur”, – deyən dövlətimizin başçısı ölkələrimizin neft sahəsində də qarşılıqlı fəaliyyət göstərdiklərini vurğulayıb.
Bu gün Azərbaycan və Vyetnam neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar.
Mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığımızın kökləri sovet dövrünə gedib çıxır, amma son illərdə daha da inkişaf edib. Ölkələrimiz arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir.
Qeyd olunub ki, Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. Prezident İlham Əliyevin 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş olub, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə ediblər.