YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Vyetnam arasında əlaqələr strateji xarakter daşıyır

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Mayın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Vietnam News Agency” (VNA) agentliyinə verdiyi müsahibədə Azərbaycan və Vyetnam arasında münasibətlərin inkişaf perspektivlərini və qarşılıqlı əməkdaşlıq sahələrini geniş şəkildə şərh edib.

Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Prezident İlham Əliyev bildirib ki, ölkələrimiz neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb.O, həmçinin, iki ölkə arasında iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq sahələrində mövcud olan potensialın daha da artırılması üçün yeni istiqamətlərin araşdırılması və inkişaf etdirilməsi zərurətini qeyd edib.

Prezident İlham  Əliyev Azərbaycan və Vyetnamın beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.  O, iki ölkənin üzv olduğu beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun humanitar sahədə uğurlu fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Fond 2018-ci ildə Vyetnamın Ha Giang əyalətində ibtidai məktəb inşa edib və bu missiyanı ardıcıl şəkildə davam etdirir. 2025-ci ilin aprelində Fondun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirib, o cümlədən Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla bir araya gəlib və Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi üzrə sertifikat təqdim edib.

Prezident İlham Əliyevin “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə Azərbaycan və Vyetnam arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu göstərir.  İki ölkə arasında enerji, təhsil, mədəniyyət, turizm və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı faydalı əlaqələrin qurulmasına və möhkəmlənməsinə xidmət edəcəkdir.