Xəbərlər
Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır

“Mayın 20-də Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə bu ölkəyə işgüzar səfər etdi. Bu səfər Azərbaycan-Macarıstan münasibətlərinin, eyni zamanda, türk dünyasının birliyinin, həmrəyliyinin növbəti təqdimatı oldu. Bu baxımdan ki, Türk Dövlətləri Təşkilatının tarixində ilk dəfə olaraq Zirvə görüşü müşahidəçi ölkənin- Macarıstanın ev sahibliyi ilə keçirildi. Reallıq budur ki, XXI əsrdə yeni dünya düzəninin formalaşdığı bir vaxtda Türk Dövlətləri Təşkilatı öz gücünü daha da artırır. Malik olduğu resurslar, əhali sayı, coğrafi mövqeyi baxımından Türk dünyası artıq qlobal miqyasda əsas geosiyasi, geoiqtisadi güc mərkəzlərindən birinə çevrilir. Macarıstanın Zirvə görüşünə ev sahibliyi bu ölkənin Türk dövlətləri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu göstərir. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün mövzusu- “Şərq və Qərbin Görüş Nöqtəsi” çağırışı mahiyyət etibarilə təşkilatın məqsədinin, gələcək hədəfinin Şərq və Qərb arasında körpü rolunu oynamaqdan ibarət olduğunu bir daha təsdiqlədi. Azərbaycanın bu birliyin, həmrəyliyin qorunmasına, daha da möhkəmlənməsinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Dövlətimizin başçısı Zirvə görüşündəki çıxışında bu məqamı xüsusi qeyd etdi ki, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirildi. Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili vurğulayıb ki, Azərbaycan bu il Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək: “Bu faktın özü ölkəmizin türk birliyinin möhkəmləndirilməsində nə qədər maraqlı olduğunu, eyni zamanda, verdiyi töhfələrin Türk Dövlətləri Təşkilatının üzvləri tərəfindən yüksək dəyərləndirildiyini nümayiş etdirir. Cənab İlham Əliyev ötən ilin fevralında keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində suverenliyinin tam bərpa edilməsi ilə yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs edərkən bu çağırışı xüsusi vurğuladı ki, bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna ancaq birlikdə nail ola bilərik”.
Malik Həsənov qeyd edib ki, cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı Azərbaycanın Türk dünyasının birliyi istiqamətində atdığı addımların aydın mənzərəsini yaratdı: “Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard dollardan çox sərmayə qoyub. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur. Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir. Azərbaycanın ötən il 200 ölkənin yekdil qərarı ilə COP29 iqlim konfransına ev sahibliyi ölkəmizin malik olduğu imkanların, söz sahibliyinin təqdimatında əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev sözügedən çıxışında diqqəti Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyinə yönəldərək bildirdi ki, Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi. COP29 böyük uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi daxil olmuşdur. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır”.
Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı, həmçinin Macarıstanın Baş naziri Viktor Orbanla məhdud və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları iki ölkənin münasibətlərinin dünəni, bu günü və gələcəyi barədə də aydın təsəvvür yaratdı: “Azərbaycanın xarici siyasətinin önəmli istiqamətlərindən biri Mərkəzi və Şərqi Avropa ölkələri ilə, xüsusilə Macarıstanla əlaqələrin möhkəmləndirilməsidir. Bu, yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də enerji, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində strateji tərəfdaşlığın dərinləşməsini nəzərdə tutur. Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayır. Dövlət başçısı İlham Əliyev iki ölkənin möhkəm təmələ əsaslanan münasibətlərini “Biz dost ölkələrik, strateji tərəfdaşıq” fikirləri ilə ifadə etdi. Qarşılıqlı səfərlərin dinamikliyi, iki ölkənin liderlərinin dostluq münasibətləri diqqətdən kənarda qalmır. Cənab İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur. Bu, Macarıstana 6-cı səfəridir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər edib. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır”.
Malik Həsənov vurğulayıb ki, Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir: “Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata birgə bəyanatında da enerji sektorunda mövcud imkanlardan geniş bəhs edərək bildirdi ki, Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Ölkəmiz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb. Azərbaycan Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilər. Qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir. Yeni qaz yataqları istismara veriləcək. Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir”.
Millət vəkili qısa təhlil əsasında Azərbaycanın xarici siyasət uğurlarının davamlılığını şərtləndirən amilləri diqqətə çatdırıb. Bildirib ki, ölkəmizin strateji mövqeyi, zəngin enerji ehtiyatları, tarazlı və praqmatik diplomatik fəaliyyəti Azərbaycanı qlobal əməkdaşlıqda mühüm tərəfdaşlardan birinə çevirib.