Xəbərlər
Enerji layihələri ölkələri, xalqları birləşdirir

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Enerji layihələrinin coğrafiyasının genişlənməsi, çoxtərəfli əməkdaşlığa açılan yollar Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə töhfələrini daha da artırır. Ümummilli Lider Heydər Əliyevin dünya təcrübəsinə istinadən söylədiyi “Heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” fikirlərin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev bildirir ki, əməkdaşlıq əlaqələrinin genişlənməsi ümumi məqsədə lazımi səviyyədə çatmaq üçün əsasdır.
Prezident İlham Əliyev iyunun 2-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimindəki çıxışında təşkilatçılara Azərbaycanın enerji gündəliyini davamlı olaraq dəstəklədiklərinə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bunlar Ulu Öndər Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O dövrün reallığı bu idi ki, enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan Azərbaycan çətinliklərin öhdəsindən gələ və həqiqi müstəqil dövlət ola bilməyəcək. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir. Bu reallıq da diqqətə çatdırıldı ki, biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir: “Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır”.
Cənab İlham Əliyev bildirdi ki, ötənilki Bakı Enerji Həftəsindəki çıxışı zamanı iştirakçılara Azərbaycanın səkkiz ölkəyə təbii qaz ixrac etdiyini bildirib. Bu gün isə həmin ölkələrin sayı 12-yə çatıb və bu, hələ də son deyil. Biz ixrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir. Bütün bunlar müsbət dinamikadır və biz enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşuluğumuza da töhfə verdiyini görürük: “Beləliklə, enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir. Hər kəs üçün uğurlu vəziyyət yaranır və biz hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetirmişik. Çünki zənnimcə, bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir”.
Qısa təhlil fonunda bir daha bu reallığı təsdiqləyə bilərik ki, neft-qaz layihələrimiz Azərbaycanı dünya miqyasında çox önəmli enerji hasilatçısı kimi ciddi ölkəyə çevirib. Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayaraq iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrlə dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artırır. Ölkəmizin artan rolu beynəlxalq səviyyədə təqdir edilir. Bütün bu uğurlarımızın əsasında dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasəti dayanır.