YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Enerji Diplomatiyasının zirvəsində

Zahir Qəhrəmanov

YAP Şirvan şəhər təşkilatının sədri

Bakıda keçirilən 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” sərgiləri və 30-cu “Baku Energy Forum” ölkənin enerji strategiyasında yeni bir mərhələnin təməlini qoydu. Prezident İlham Əliyevin iştirakı ilə baş tutan bu tədbirlər Azərbaycanın həm regional, həm də qlobal enerji siyasətində tutduğu mövqeni bir daha nümayiş etdirdi.

Forumda 37 ölkədən nümayəndələr, o cümlədən ABŞ, BƏƏ, Türkiyə, Avropa İttifaqı və OPEC-in rəsmi nümayəndələri iştirak edirdi. Bu beynəlxalq iştirakçılıq Azərbaycanın enerji siyasətinin yalnız regional deyil, qlobal səviyyədə də strateji əhəmiyyət daşıdığını göstərir. Forum çərçivəsində Azərbaycanın yalnız neft və qazla deyil, həm də bərpa olunan enerji sahəsində atdığı addımlar xüsusi diqqətə layiqdir.

Ölkəmizdə keçirilən bu tədbirlərin əhəmiyyətinə gəldikdə isə, Azərbaycanın enerji tarixindəki dönüş nöqtələrinə nəzər salmaqla başa düşülə bilər. İlk dəfə 1994-cü ildə keçirilən “Caspian Oil and Gas” sərgisi, “Əsrin müqaviləsi”nin imzalanmasından dərhal sonra ölkəyə sərmayə axınını sürətləndirmişdi. O vaxtdan bu günə qədər tədbir regionda enerji diplomatiyasının əsas platformasına çevrilib. Prezident İlham Əliyev açılış çıxışında qeyd etmişdir: “Bu sərgi 30 il ərzində Azərbaycanın neft strategiyasının beynəlxalq tanınmasında mühüm rol oynamışdır.”

Azərbaycanın enerji siyasətində yeni istiqamətlərə nəzər salsaq görərik ki, Azərbaycan artıq təkcə neft və qazla kifayətlənməyərək, “yaşıl enerji”yə keçid edir. Prezident İlham Əliyev çıxışında bildirdi ki, ölkə yaxın illərdə 2 giqavatdan artıq bərpa olunan enerji gücü yaradacaq. “Masdar” (BƏƏ) şirkəti ilə birgə həyata keçirilən Biləsuvar və Neftçala günəş stansiyaları, Qaradağda tikiləcək külək stansiyası bu istiqamətdə əsas addımlardandır.

BƏƏ-nin Sənaye və Ətraf Mühit Texnologiyaları naziri Sultan Əl-Cabirlə birlikdə günəş və külək elektrik stansiyalarının təməlqoyma mərasimi Azərbaycanın bərpa olunan enerji sahəsində konkret addımlar atdığını sübut edir. Belə layihələr ölkənin enerji balansını şaxələndirməklə yanaşı, regionda enerji təhlükəsizliyinin təmin olunmasına da töhfə verir. Bu, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə töhfəsi olmaqla yanaşı, enerji təhlükəsizliyi və ixrac potensialını da artıracaq. Bütün bunlar Azərbaycanın “yaşıl enerji” keçidinə sadiqliyini və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq öhdəliklərini yerinə yetirməyə hazır olduğunu göstərir.

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur regionu yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda ölkənin sosial-iqtisadi və ekoloji inkişafında yeni bir mərhələnin başlanğıcı oldu. Qarabağın “yaşıl enerji zonası” elan edilməsi Azərbaycan dövlətinin ekoloji davamlılığa və bərpa olunan enerji potensialının reallaşdırılmasına verdiyi önəmin bariz nümunəsidir. Bu istiqamətdə regionda “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları da uğurla tətbiq olunur. Ağalı kəndi bu baxımdan ilk pilot layihə kimi artıq beynəlxalq səviyyədə diqqət çəkmişdir. Eyni zamanda, Zəngilan və Laçın rayonlarında yeni günəş və külək elektrik stansiyalarının tikintisi planlaşdırılır.

Azərbaycanın enerji vizyonunun gələcəyi yalnız karbohidrogenlərə deyil, eyni zamanda , elektrik enerjisinin ixracı, bərpa olunan mənbələrin artımı, enerji səmərəliliyinin artırılması və texnoloji innovasiyaların tətbiqi kimi sahələrə əsaslanır. Prezident İlham Əliyevin fikrincə “Azərbaycan artıq enerji idxalçısından enerji ixracatçısına çevrilmişdir.” Bu da ölkənin regional güc statusunu möhkəmləndirir və Avropa üçün strateji tərəfdaşlıq imkanlarını genişləndirir.

30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” sərgiləri və 30-cu “Baku Energy Forum” Azərbaycanın enerji siyasətinin uğurlu nəticələrinin nümayişidir. Azərbaycan yalnız enerji istehsalçısı deyil, eyni zamanda enerji siyasətini müasir tələblərə uyğun şəkildə formalaşdıran, çevik və uzaqgörən bir dövlətdir.  Bu tədbirlər bir daha göstərdi ki, Azərbaycan neft və qaz sahəsindəki liderliyini qoruyaraq eyni zamanda bərpa olunan enerji keçidinə ciddi hazırlaşır. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən enerji strategiyası həm ölkə iqtisadiyyatının dayanıqlı inkişafına xidmət edir, həm də regionda əməkdaşlıq və sabitliyin möhkəmlənməsinə şərait yaradır.