Xəbərlər
Avropanın enerji xəritəsini yenidən tərtib edirik

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi Azərbaycanın enerji siyasətinin reallaşmasında çox böyük rola malikdir. İlk sərgi 1994-cü ildə keçirilib. O vaxt gənc müstəqil dövlət olan Azərbaycan riskli dövlət kimi tanınırdı. Bu sərginin Azərbaycana investisiya qoyuluşu üçün çox önəmli rolu olmuşdur. Ötən 31 illik dövrdə bu sərgi dünya miqyasında çox mötəbər sərgi kimi tanınır və tədbirə qatılan şirkətlərin, ölkələrin sayı getdikcə artmaqdadır.
Builki Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə energetika sahəsində mövcud vəziyyəti, yeni imkanları və perspektivləri müzakirə etmək üçün 39 ölkədən 267 şirkətin nümayəndəsi iştirak edir. Regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən Bakı Enerji Həftəsi həm regional, həm də beynəlxalq səviyyədə etibarlı platforma kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən birinə çevrilib.
Bakı Enerji Həftəsi əsasını müstəqil Azərbaycanın beynəlxalq ixtisaslaşmış sərgisi olan “Caspian Oil and Gas” sərgisindən götürüb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi ilə dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib. Yarandığı gündən etibarən “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahələrinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı məkana çevrilib. Keçirildiyi 30 il ərzində “Bakı Enerji Həftəsi” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib, dünyanın 80 ölkəsindən 9 mindən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb edib.
Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimindəki çıxışında 1994-cü ildən etibarən Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinin keçirildiyini, Azərbaycanın öz potensialını beynəlxalq investorlara təqdim etmək üçün imkanların yarandığını önə çəkərək diqqəyi hazırkı dövrün çağırışına uyğun olaraq ölkəmizin yaşıl enerji gündəliyinə yönəltdi. Bildirdi ki, neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması məsuliyyətimizi nümayiş etdirir. Bütün bu yaşıl enerji potensialımız sayəsində, əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını, əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək.
O da vurğulandı ki, ola bilər COP29-un sədri olaraq neft və qaz haqqında danışmağımız bir o qədər də uyğun deyil. Ancaq bizim COP29-la bağlı gündəliyimiz çox praqmatik idi. Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır. Bəzi ölkələrdə bu gün qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balans nəzərə alınmır. Nəticədə genişmiqyaslı enerji kəsilməsi, enerji sisteminin çökməsi baş verir. Həmçinin burada daha mürəkkəb ssenarilər də baş verə bilər. Yəni, bəzi müəyyən addımları şərtləndirən meyillərə rəğmən həmin balansın qorunması düzgün siyasətdir.
Azərbaycana gəldikdə, təbii qazın hasilatının həcmini artırırıq. Çünki buna ehtiyacı olan ölkələr var və biz bu tələbatı ödəməliyik. Eyni zamanda, biz tərəfdaşlarımızla birlikdə yaşıl enerji layihələrinə də yatırım edirik. 2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir.
Dövlət başçısı İlham Əliyev qeyd etdi ki, COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik. Onun “Bakı sıçrayışı” adlandırılması bir çox hədəflərə nail olmağımızla bağlıdır. Burada mühüm nailiyyət kimi, İtki və Zərər Fondunu və inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılmasını qeyd etmək istəyirəm. Bununla yanaşı, 10 il davam edən müzakirələrdən sonra karbon bazarı da işlək vəziyyətə gətirildi. Enerji bazarında məsuliyyətli aktor, hər zaman real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olan Azərbaycanın mirası məhz bundan ibarətdir. COP29-la bağlı daha bir hədəfimiz Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması idi və biz buna nail ola bildik.
Dövlət başçısı İlham Əliyevin enerji sektorunda əldə olunan uğurlara söykənərək qarşıdakı dövrlə bağlı proqnozları onu deməyə əsas verir ki, hazırda Azərbaycanın neft-qaz ixracatçısına, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilməsi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının nəticəsidir. Bu gün müstəqil Azərbaycan və uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər. Bu gün Azərbaycan müstəqil dövlət kimi ayaqda möhkəm dayanıb. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir. Nəhəng layihələr tərəfdaşlarımızla birlikdə icra olunur. Avropanın enerji xəritəsini yenidən tərtib edirik.