Xəbərlər
“Əsrin müqaviləsi” Azərbaycana dayanıqlı inkişaf gətirdi

Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
İyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimi oldu. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə energetika sahəsində mövcud vəziyyəti, yeni imkanları və perspektivləri müzakirə etmək üçün 39 ölkədən 267 şirkətin nümayəndəsi iştirak edir. Regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən Bakı Enerji Həftəsi həm regional, həm də beynəlxalq səviyyədə etibarlı platforma kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən birinə çevrilib.
Dövlət başçısı İlham Əliyev açılış mərasimindəki çıxışında bir daha qeyd etdi ki, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bunlar Ulu Öndər Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. Həmin dövrdə bu reallıq önə çəkildi ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan Azərbaycan çətinliklərin öhdəsindən gələ və həqiqi müstəqil dövlət ola bilməyəcək. Nəzərə alaq ki, o zaman iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi. Bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı: “Təsəvvür edirsiniz ki, gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir”.
Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. İqtisadiyyatımız özünü təmin edir. Xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir. İnsan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq. Savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı.
Qeyd edək ki, Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi 1994-cü ildə təşkil ediləndə ilk tədbir idi ki, Azərbaycanı dünyanın beynəlxalq enerji ictimaiyyətinə təqdim etdi. Dövlət başçısı 30-cu Yubiley Beynəlxalq Xəzər Neft-Qaz Sərgisində təşkilatçılara Azərbaycanın enerji gündəliyini davamlı olaraq dəstəklədiklərinə görə minnətdarlığını bildirdi. O da qeyd edildi ki, tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir.
Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır. Ötənilki tədbirdə səkkiz ölkəyə təbii qaz ixrac etdiyimiz qeyd edilmişdi. Bu gün isə həmin ölkələrin sayı 12-yə çatıb və bu, hələ də son deyil.
Azərbaycan ixrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindədir. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir. Bütün bunlar müsbət dinamikadır. Enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşuluğumuza da töhfə verdiyini görürük.
Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki, enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir. Hər kəs üçün uğurlu vəziyyət yaranır və hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetiririk. Çünki bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir.