YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlıq məkanı

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sahəsində mövcud olan liderlərini bir araya gətirir və diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Dövlətimizin başçısı İlham Əliyevin  Bakı Enerji Həftəsinin  açılış mərasimində iştirakı tədbirin  yüksək statusunu təsdiqləyir. Bakı Enerji Həftəsinin iştirakçılarının say tərkibində də artım Azərbaycanın, onun Prezidentinin nüfuzunun, göstərilən etimadın təqdimatıdır. Azərbaycan bütün sahələrdə olduğu kimi, enerji sektorunda da qazandığı uğurları, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası ilə diqqətdədir. Bu layihələr ölkələr, xalqlar arasında körpü rolunu oynayır, onları daim bir araya gətirir. Əməkdaşlığın coğrafiyasının ildən-ilə daha da genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir.

Qeyd edək ki, Bakı Enerji Həftəsi əsasını müstəqil Azərbaycanın beynəlxalq ixtisaslaşmış sərgisi olan “Caspian Oil and Gas” sərgisindən götürüb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi ilə dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib. Yarandığı gündən etibarən “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahələrinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı məkana çevrilib. Keçirildiyi 30 il ərzində “Bakı Enerji Həftəsi” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib, dünyanın 80 ölkəsindən 9 mindən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb edib. Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksəksəviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Builki tədbirdə 39 ölkədən 267 şirkətin nümayəndəsi iştirak edir.

Dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı Azərbaycanın enerji sektorunda qazandığı uğurların və onların fonunda qarşıdakı dövrdə görüləcək işlərin təqdimatı oldu. Cənab İlham Əliyev Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin  1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynadığını önə çəkdi və  bildirdi ki, bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir.

İlk Beynəlxalq  Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektorunda mövcud imkanların təqdimatı oldu. Bu sərgidən bir neçə ay sonra 1994-cü il 20 sentyabr tarixində Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı. Bu saziş Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, ölkəmizə inamı artırdı, etibarlı tərəfdaş kimi tanınmasında və nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq,  Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı,  enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır.

Bakı Enerji Həftəsi hər zaman yeni ideyalar, təmaslar, müqavilələr ilə nəticələnir. Budəfəki tədbirdə də mühüm məsələlər ətrafında müzakirələr aparılır, sənədlər imzalanır. Bu gün işini başa çatdıracaq Bakı Enerji Həftəsi də mühüm çağırışları ilə tarixə yazılacaq. Əməkdaşlıq əlaqələrinin qurulmasında və coğrafiyasının genişlənməsində enerji amili xüsusi yer tutur. Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrlə ölkələri birləşdirir.