YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Enerji Diplomatiyasında Strateji addım

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Hər il Azərbaycanda keçirilən “Baku Energy Week” (Bakı Enerji Həftəsi) beynəlxalq miqyasda enerji sektorunun diqqət mərkəzinə çevrilir. Bu mühüm tədbir artıq 30 ildir ki, dünya enerji sənayesinin aparıcı nümayəndələrini bir araya gətirərək, ölkəmizin enerji siyasətinin nailiyyətlərini və gələcək hədəflərini nümayiş etdirmək üçün qlobal platforma rolunu oynayır. Bu il iyunun 2-də start götürən “Baku Energy Week” çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”), 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi (“Caspian Power”) və 30-cu Yubiley “Baku Energy Forum” kimi mötəbər tədbirlər təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirin rəsmi açılış mərasimində etdiyi çıxış, ölkənin enerji siyasətində əldə etdiyi nəticələr və qarşıda duran vəzifələri dolğun şəkildə əks etdirdi. Prezidentin vurğuladığı əsas prinsiplər — davamlılıq, diversifikasiya və strateji tərəfdaşlıq — Azərbaycanın enerji sektorunun gələcəyini formalaşdıran mühüm meyarlar kimi diqqətə çatdırıldı.

Bu ilki “Baku Energy Week” tədbirində 39 ölkədən 267 şirkət iştirak edir. Bu ölkələr sırasında Almaniya, ABŞ, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, İtaliya, Yaponiya və digər strateji tərəfdaş dövlətlər yer alır. Almaniya bu il tədbirdə Milli pavilyonla təmsil olunaraq, enerji əməkdaşlığında xüsusi maraq nümayiş etdirmişdir. Qeyd olunmalıdır ki, iştirakçı şirkətlərin 70 faizini xarici, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu isə beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin də enerji sektorunda fəal iştirakının göstəricisidir. Üstəlik, sərgi iştirakçılarının 35 faizi bu il ilk dəfə qatılan yeni şirkətlərdir ki, bu da Azərbaycanın enerji bazarına olan artan marağın təzahürüdür.

Sərginin daimi iştirakçıları olan aparıcı sənaye şirkətləri tədbir sahəsinin 40 faizini əhatə edirlər. Onların bəziləri, ənənəvi olaraq, sponsor kimi çıxış edərək, enerji sektorunun inkişafına verdikləri töhfələri bir daha nümayiş etdirirlər.

Azərbaycanın enerji siyasəti artıq yalnız neft və qaz resurslarına əsaslanmır. Əldə olunan gəlirlərin şaxələndirilmiş şəkildə idarə olunması və yaşıl enerji sahəsinə yönəlmiş ambisiyalı layihələr ölkənin gələcəyə dönük strateji baxışını ortaya qoyur. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi Qaradağ Günəş Elektrik Stansiyası və “yaşıl enerji zonaları” kimi təşəbbüslər ölkənin ekoloji dayanıqlılığa və iqlim çağırışlarına uyğunlaşmağa hazır olduğunu sübut edir. Xüsusilə azad edilmiş ərazilərdə planlaşdırılan günəş və külək stansiyaları, təkcə enerji ehtiyaclarının ödənilməsi baxımından deyil, həm də bu ərazilərin sosial-iqtisadi dirçəlişi üçün mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın enerji diplomatiyası çərçivəsində həyata keçirilən “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” və Cənub Qaz Dəhlizi kimi iri layihələr təkcə regional deyil, həm də Avropa enerji təhlükəsizliyinin təminatında strateji rol oynayır. Bu baxımdan, “Baku Energy Week” yalnız sərgi və forum deyil, həm də enerji siyasətinin gələcəyini formalaşdıran ideya və əməkdaşlıqların beşiyidir.

Nəticə etibarilə, “Baku Energy Week” Azərbaycanın enerji sektorunda əldə etdiyi nailiyyətlərin və gələcək üçün müəyyənləşdirdiyi strateji istiqamətlərin geniş beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm platforma olmaqla, ölkəmizin qlobal enerji gündəmində önəmli rolunu bir daha təsdiqləyir.