Xəbərlər
Samuxda Milli Qurtuluş Gününə həsr olunan kitab sərgisi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi keçirilib.
Tədbir zamanı çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olan 1993-cü ilin 15 iyun tarixi də belə tarixi günlərdən ən önəmlisidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan Ümummilli Lider Heydər Əliyevdir. Ümummilli Lider Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etdi, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrildi. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir.
Samux Rayon İcra Hakimiyyəti başçısının müavini- İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan bəhs edib.
Daha sonra Milli Qurtuluş Gününə həsr olunan sərgiylə tanışlıq olub.
Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığını, siyasi fəaliyyətini özündə əks etdirən müxtəlif dillərdə çap olunmuş kitablar sərgilənib.
Tədbir bədii hissə ilə yekunlaşıb.