YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə: dostluq və qardaşlığa əsaslanan sarsılmaz həmrəylik nümunəsi

Heydər Əsədov

Milli Məclisin deputatı

19 iyun 2025-ci il tarixində Türkiyənin Kahramanmaraş şəhərində iki dost və qardaş ölkə arasında sarsılmaz birliyin, qarşılıqlı dəstək və həmrəyliyin bariz nümunəsi olan əlamətdar hadisə baş verdi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirildi. Bu, Azərbaycan ilə Türkiyə arasında əsrlərlə möhkəmlənmiş dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü, ortaq dəyərlər üzərində qurulan əməkdaşlığın mühüm mərhələsidir.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev Kahramanmaraş və digər zəlzələ bölgələrində həyatını itirənlərin xatirəsini ehtiramla anaraq, Azərbaycan xalqının bu faciəni öz şəxsi kədəri kimi yaşadığını diqqətə çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, ilk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır: “Zəlzələdən dərhal sonra əziz qardaşımın, hörmətli Cümhurbaşqanının liderliyi ilə axtarış-xilasetmə işləri başlamış, ondan sonra yenidənqurma və inşaat işlərinə start verilmişdir. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir”.

Azərbaycan tərəfindən zəlzələ bölgələrinə göndərilən min nəfərdən çox heyət tərəfindən 53 nəfər dağıntılar altından sağ çıxarılıb, səhra hospitallarında isə 3 200 insana tibbi xidmət göstərilib. Bu, sadəcə humanitar yardım deyil, qardaşlığın konkret əməli nümunəsi idi. Prezident İlham Əliyev çıxışında, həmçinin humanitar dəstək və strateji müttəfiqlik kontekstində Türkiyə-Azərbaycan münasibətlərinin əhəmiyyətini vurğulayıb. Ölkəmiz hər zaman Türkiyənin yanında olub, qardaş dövlət də ağır və taleyüklü günlərində Azərbaycana öz dəstəyini əsirgəməyib. Bu qarşılıqlı etimad və həmrəylik münasibətləri iki ölkə arasında möhkəm - sarsılmaz dostluğun təməlini təşkil edir.

Kahramanmaraşda inşa edilən “Azərbaycan” məhəlləsi zəlzələdən sonra yaraların sarılmasında, insanların yenidən ayağa qalxmasında mühüm rol oynayıb. Bu məhəllə yalnız yeni binalar kompleksi deyil, eyni zamanda mənəvi dayaq, Azərbaycanın Türkiyəyə olan qardaşlıq münasibətinin nümunəsidir. Azərbaycan Respublikası Prezidentinin göstərişi əsasında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilən bu layihə zəlzələdən zərər çəkmiş ailələr üçün yeni həyatın, sabitliyin və ümidin ünvanına çevrilib. Bütün layihə müasir standartlara uyğun inşa edilib, seysmik dayanıqlılıq təmin olunub, sosial ehtiyaclar nəzərə alınıb.

 “Azərbaycan” məhəlləsində yaradılan infrastruktur həm yerli əhalinin gündəlik ehtiyaclarını qarşılayır, həm də məşğulluq və sahibkarlıq imkanlarını genişləndirir. Ticarət obyektləri, xidmət sahələri və yeni təhsil müəssisələri ilə bu məkan, həm iqtisadi, həm də cəmiyyətin dayanıqlığı baxımından strateji əhəmiyyət daşıyır. Tikinti işlərində yüzlərlə mütəxəssis – mühəndis, memar, texnik, müəllim və digər peşə sahibləri iştirak edib. Bu əməkdaşlıq həm iki ölkə arasında təcrübə mübadiləsinə imkan yaradıb.

Azərbaycan və Türkiyə arasında 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətləri rəsmiləşdirilib. Kahramanmaraşda inşa edilən “Azərbaycan” məhəlləsi isə bu müttəfiqliyin artıq yalnız siyasi və hərbi sahədə deyil, humanitar və sosial istiqamətlərdə də uğurla həyata keçirildiyini sübut edir. Burada insan həyatı, ailə dəyərləri və gələcək nəsillərin rifahı nəzərə alınıb. Bu ünvan artıq sadəcə yaşayış məkanı deyil, tarixi yaddaş, vəfa və ümid yeridir.

DİGƏR Xəbərlər Arxiv