YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib xalqın şanlı ordusu

Rəşad Mahmudov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Bəşər tarixində dövlət quruluşu yaranandan bəri ən mühüm şərtlərdən biri də həmin dövləti qoruyacaq ordunun mövcudluğu olmuşdur. Azərbaycan xalqı minilliklər boyunca öz dövlətini və Vətənini qorumaq üçün fədakarlıqla, əzmlə döyüşmüş, tarixdə qəhrəman sərkərdə və ordu sahibi kimi şöhrət qazanmışdır. Amma müasir ordu quruculuğu ilk olaraq AXC-nin adı ilə bağlıdır. Şərqin ilk demokratik respublikası olan Xalq Cümhuriyyəti və onun ordusu qısa bir ömür yaşasa da, xalqımızın içindəki ordu və dövlət hissi heç vaxt ölməmişdi. 70 illik sovet əsarəti dövründə müstəqil dövlətimizdən tam məhrum olsaq da, bütün fəaliyyəti dövrü Azərbaycan və azərbaycançılıq məfkurəsi üçün çalışan böyük Heydər Əliyev heyrətamiz siyasi bacarığı ilə gənc soydaşlarımızın peşəkar zabit kimi yetişməsi yolunda böyük fədakarlıq göstərmişdi. Ulu öndər Heydər Əliyevin birbaşa təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması həmin ağır və mürəkkəb dövrün şərtləri altında olduqca çətin görünürdü. Amma Heydər Əliyev bunu bacardı və bu təhsil ocağı gənclərimizə hərbi biliklərin öyrənilməsində müstəsna xidmətlər göstərdi.

Sözügedən məktəbin yaradılması yalnız azərbaycanlı zabitlərin yetişdirilməsi baxımından deyil, həm də bütövlükdə gələcək müstəqil Azərbaycan ordusunun formalaşması istiqamətində əvəzolunmaz tarixi hadisə idi. Təsadüfi deyil ki, 1991-ci ildə  müstəqil dövlət qursaq da, bu dövləti yox olmaqdan xilas etmiş böyük öndər müstəqil Azərbaycan ordusunun yaradılmasını da öz üzərinə götürdü, ölkəmizdə peşəkar və  nizami ordu qura bildi. 26 iyunu Silahlı Qüvvələr Günü elan edən Ümummilli lider tarixi ənələrə sadiq qalmaqla kifayətlənməyərək bu gün dünyanın ən qüdrətli orduları sırasında göstərilən Azərbaycan ordusunun əsasını qoydu.

44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirləri nəticəsində təkcə suverenliyimiz tam bərpa olunmadı, bütün dünya Azərbaycan Ordusuna həsrət apardı. Qəhrəman əsgərlərimizlə açıq savaşdan çəkinən mifləşdirilmiş “Ohanyan səddi”ni qoruyanlar döyüş meydanından fərariliyin qarşısını xüsusi qəddarlıqla almağa başladılar. Hadrut yaxınlığında və digər savaş ərazilərində ermənilər əsgərlərini zəncirləyirdilər ki, döyüşsünlər, qorxudan qaçmasınlar. Bu dəhşətli həqiqət qorxaq düşmən ordusunun qalıqlarının etiraflarında da öz əksini tapıb.

Mütəxəssislərin fikrincə, təkcə Şuşanın işğaldan azad olunması müasir hərb tarixi üçün böyük qəhrəmanlıq və peşəkarlıq nümunəsidir. Haqqında əfsanələr dolaşan Azərbaycan Ordusu bizim dayağımız, güvəncimiz, qürurumuz həm də qalibiyyətimizin simvoludur!

Zəfər savaşı ilə Azərbaycan tarixinin iki əsrlik məğlubiyyət seriyasına son qoyaraq qalib Sərkərdə statusunu qazanan Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi dövlətçilik tariximizdə qəhrəmanlıq səhifəsi açdı. Bu gün Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət sayəsində Azərbaycan bayrağı dünya dövlətləri bayraqları sırasında qürur və iftixarla dalğalanır. Bu möhtəşəmliyin arxasında dövlətimizin iqtisadi, diplomatik, geopolitik uğurları ilə yanaşı, qəhrəman Azərbaycan Ordusunun gücü və əzəməti dayanır. Məhz ordunun sayəsində regionda hər kəs Azərbaycanla hesablaşmağa və milli maraqlarımızı qəbul etməyə məcburdur.