Xəbərlər
Güclü ordu

"26 iyun — hər bir Azərbaycan vətəndaşı üçün xüsusi bir gündür. Həmin gün biz Azərbaycan Silahlı Qüvvələri Gününü — qəhrəmanlıq, cəsarət və vətənpərvərlik bayramını qeyd edirik. Bu gün bizə Azərbaycan Ordusunun şərəfli yolunu — formalaşma, sınaq, islahatlar və şanlı qələbələr yolunu xatırladır". Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, müasir Azərbaycan Ordusunun tarixi Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə başlayır. Hələ 1960-cı illərin sonlarından etibarən Ulu Öndər hərbi kadr hazırlığına böyük diqqət yetirirdi. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, gənc zabitlərin dəstəklənməsi milli ordunun formalaşması üçün möhkəm baza yaratdı.1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan dövləti dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Ordu dağınıq vəziyyətdə idi və Ermənistanın təcavüzü bu vəziyyəti daha da ağırlaşdırırdı. Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ilə vəziyyət dəyişdi — vahid, intizamlı ordu formalaşdırıldı. 1998-ci ildə isə 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü kimi rəsmən təsis edildi.
Onun sözlərinə görə, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusu hesab olunur. Nüfuzlu Global Fire Power təşkilatının hesabatına görə, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Dövlət Ordunun inkişafı üçün ardıcıl tədbirlər həyata keçirir. Belə ki, 2025-ci ildə hərbi büdcə 8,4 milyard manat təşkil edib, müdafiə sənayesi sürətlə inkişaf edir, Azərbaycan zavodlarında 1000-dən artıq hərbi məhsul istehsal olunur. Əsgər və zabitlərə qayğı da daim diqqət mərkəzindədir — son illərdə 4000-dən çox zabit mənzillə təmin edilib, maaşlar mütəmadi olaraq artırılır, sosial təminat yaxşılaşdırılır.
Sevinc Fətəliyeva deyib ki, Ordunun döyüş yolunun zirvəsi isə 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Qələbə oldu: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgərləri doğma torpaqları — Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Kəlbəcər, Laçın və digər əraziləri azad etdilər. Dünya hərb elitası Azərbaycan Ordusunun yeni döyüş taktikalarını qəbul etdi və bu təcrübəni öyrənməyə başladı.Bu gün Azərbaycan Ordusu nəinki milli suverenliyin qarantıdır, həm də regionda sabitliyin təminatçısıdır. Ordu dövlətin gücünün, xalqımızın iradəsinin və birliyinin rəmzidir".