Xəbərlər
“Müzəffər ordumuz suverenliyimizin qarantıdır”

Göygöl Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə “Müzəffər ordumuz suverenliyimizin qarantıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova, müharbə veteranları, təhsil, mədəniyyət işçiləri, QHT nümayəndələri, gənclər və partiya fəalları iştirak edib.
Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb. İştirakçılar tərəfindən Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxışında əsası 1918-ci il iyunun 26-da qoyulmuş Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması və inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. O bildirib ki, Ümummilli Liderin təşəbbüsü ilə 1971-ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan və görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradılıb: “Heydər Əliyev o dövrdə milli zabit kadrların hazırlanması üçün SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmaları üçün bir çox işlər görüb. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da dövlətçiliyin əsas sütunlarından biri kimi güclü və peşəkar ordu quruculuğunu qarşıya başlıca məqsəd kimi qoymuş və buna nail olub”.
Qeyd olunub ki, Prezident İlham Əliyev 2003-cü ildən dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra Ali Baş Komandan olaraq ordu quruculuğunu milli təhlükəsizlik siyasətinin əsas prioritetlərindən biri elan edib. Dövlətimizin başçısının səyləri nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü və çevik Silahlı Qüvvələrinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanıb.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova çıxışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi-siyasi strategiya Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müasir mərhələdə inkişafı və gücləndirilməsi istiqamətində həlledici rol oynayıb. Vurğulanıb ki, ordu quruculuğu, hərbi-texniki modernləşmə, beynəlxalq hərbi əməkdaşlıq, milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi və regionda hərbi üstünlüyün təmin olunması üçün atılan addımlar ölkənin strateji maraqlarına cavab verir və milli müdafiə qabiliyyətinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edib. Prezident İlham Əliyev orduya ayrılan dövlət büdcəsinin ildən-ilə artırılması, peşəkar hərbçi kadrların hazırlanması üçün milli hərbi təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, müasir texnologiyaların və silah sistemlərinin alınması, həmçinin yerli hərbi-sənaye kompleksinin yaradılması istiqamətdə tədbirlər həyata keçirib.
Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Qarabağ müharibəsi qazisi Sərdar Balayev “Müzəffər ordumuz suverenliyimizin qarantıdır” mövzusunda geniş məruzə ilə çıxış edib.
Natiqlərdən QƏQİB Göygöl rayon filialının sədri Araz Abbasov, Qarabağ müharibəsi qazisi Nazim Cahangirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin əməkdaşı Rahib Nəcəfov, YAP Göygöl rayon təşkilatı üzrə MKTİB ƏPT-nin sədri, Vətən müharibəsi iştirakçısı Pərvin Rəhimli və digərləri çıxış edərək ölkəmizdə ordu quruculuğunun tarixindən danışıblar. Onlar Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik çoxşaxəli siyasət və qazanılmış uğurlardan bəhs ediblər.
Tədbirin sonunda Azərbaycan Silahlı Qüvvələrinə həsr olunmuş videoçarx nümayiş olunub.