Xəbərlər
Münasibətlər yeni mərhələyə qədəm qoyur

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxşaxəli xarici siyasətin məntiqi nəticəsidir ki, hazırda dövlətimizin dünyaya inteqrasiyası sürətlənmiş, dost və qardaş dövlətlərin siyahısı xeyli genişlənmişdir. Xarici siyasətimizdə son illərdə Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi xüsusi yer tutmaqdadır. Bu baxımdan Mərkəzi Asiya dövlətləri ilə ölkəmiz arasındakı mövcud əlaqələrin inkişafı və dərinləşməsi bu siyasətin məntiqi nəticəsidir. Sevindirici haldır ki, Azərbaycanla Mərkəzi Asiya dövlətlərindən olan Özbəkistan Respublikası arasındakı münasibətlər son illərdə daha da inkişaf etməkdədir. Bir sıra ortaq dəyərləri bölüşən Azərbaycan və Özbəkistanı arasındakı qardaşlıq əlaqələri istər Sovet İttifaqı tərkibində, istərsə də müstəqillik əldə etdikdən sonra müstəqil dövlətlər kimi bu dostluq münasibətlərini davam etdirmiş və hazırda münasibətlərimiz yeni mərhələyə qədəm qoymaqdadır.
Ortaq köklərə və tarixi bağlılığa malik olan Azərbaycan və Özbək xalqları sevindirici haldır ki, bu münasibətləri rəsmi dövlət səviyyəsində də inkişaf etdirməyə nail olublar. Son illərdə Azərbaycanla Özbəkistan arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmışdır. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyət kəsb etmişdir. Xüsusilə son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin qarşılıqlı xarakter alan səfərləri iki dövlət arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Qeyd etməliyik ki, Azərbaycanla Özbəkistan arasında münasibətlərdə son illər olduqca məhsuldar olmuşdur. Belə ki, ötən iki il ərzində iki dövlət başçısının qarşılıqlı səfərləri rekord səviyyədə olmuşdur. Bu səfərlər zamanı Azərbaycanla Özbəkistan arasında mövcud olan strateji müttəfiqlik əlaqələrinin daha da dərinləşdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə nail olunmuşdur.
Cari ilin 02 iyul tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə növbəti səfəri isə ölkələrimiz arasında mövcud olan əməkdaşlıq əlaqələrinə yeni bir stimul vermişdir. Səfər çərçivəsində keçirilmiş görüşlər, imzalanmış sənədlər və hər iki dövlət başçısının mətbuata verdiyi bəyanatlar iki ölkə münasibətlərində mühüm mərhələnin başladığının bariz sübutu idi. Xüsusi olaraq qeyd etməliyik ki, səfər zamanı Özbəkistan Respublikasının ölkəmizdəki səfirliyinin yeni inzibati binasının açılışı, paytaxtımızda Özbəkistan parkının təməlqoyma mərasiminin keçirilməsi, həmçinin dövlət başçılarının işğaldan azad edilmiş Qarabağa səfəri və izlədiyimiz görüntülər iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi idi. Bununla yanaşı qeyd etməliyik ki, Özbəkistan hər zaman Azərbaycanın mövqeyini dəstəkləmiş və beynəlxalq səviyyədə əməkdaşlıq etmişdir. Qardaş Özbəkistan dövləti həmçinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində də yaxından iştirak etməkdədir.
Bu səfər bir daha göstərdi ki, Azərbaycan və Özbəkistan arasında diplomatik, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq strateji səviyəyə yüksəlib. Yeni infrastruktur, sənaye layihələri və mədəmiyyət parkları iki ölkə arasında inteqrasiyanın dərinləşməsi üçün platforma rolunu oynayır. Qeyd etməliyik ki, hazırda iki dövlət arasında əməkdaşlığın şaxələndirilməsi üçün siyasi iradə və bir-birindən cəlbedici imkanlar mövcuddur. İnanırıq ki, iki dövlət arasında mövcud olan çoxəsrlik tarixə malik əlaqələr qarşılıqlı iradə nəticəsində Azərbaycanla Özbəkistan xalqları bundan sonra daha da yaxınlaşacaqdır.