Xəbərlər
Ölkəmizə verilən önəmin göstəricisi

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Azərbaycanın etibarlı tərəfdaş olması dünyadakı dostlarının sayı ildən-ilə artır. Bu o deməkdir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin də sayı artmaqdadır. Bu gün Azərbaycanın bütün dünya ölkələri ilə siyasi və iqtisadi əlaqələr daha da möhkəmlənib. Bu əlaqələr beynəlxalq təşkilatlar çərçivsində də özünü göstəməkdədir. Azərbaycanın xarici siyasətində İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrlə əlaqələr də prioritet istiqamətlərdən birini tutur. Prezident İlham Əliyevin iyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında təşkilat Çərçivəsində önəmli iqtisadi əlaqələrin qurulmasını vurğulayıb: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.
2025-ci ilin ən önəmli beynəlxalq tədbirlərindən biri olan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVII Zirvə Görüşü Azərbaycanın Xankəndi şəhərində keçirildi. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) 1992-ci ildə daxil olub. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır.Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. Azərbaycan ECO-nun üzvü olaraq təşkilatın məqsəd və prinsiplərinə sadiqliyini dəfələrlə nümayiş etdirib. Enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı və yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən çoxşaxəli əməkdaşlıq təşəbbüsləri Azərbaycanın regionda və beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan Azərbaycan ECO-nun strateji hədəflərinə uyğun addımlar ataraq regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə verir.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında həyata keçirdiyi iqtisadi təşəbbüslər və regional liderlik mövqeyi ölkənin artmaqda olan iqtisadi potensialı, əlverişli geostrateji mövqeyi və çoxşaxəli xarici siyasəti fonunda xüsusi əhəmiyyət qazanır. Azərbaycan ECO məkanında ticarət, enerji, nəqliyyat və logistika sahələrində irəli sürdüyü layihələrlə təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsinə ciddi töhfələr verir. Bakı Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qaz Dəhlizi kimi layihələr bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Zirvə görüşü Azərbaycanın beynəlxalq arenada artan rolunu və Qarabağın regional əməkdaşlıq mərkəzinə çevrilməsinin real təsdiqini ifadə edir. Bu sammit sübut edir ki, Azərbaycan artıq yalnız münaqişə sonrası bərpa edən ölkə deyil, həm də əməkdaşlıq qurucu, liderlik daşıyıcısı və diplomatik balans yaradan gücdür.Zirvənin Xankəndidə keçirilməsi İƏT-in həm Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin, həm də Qarabağın beynəlxalq əməkdaşlıq məkanına çevrildiyinin göstəricisidir. Bu, həm də dünyanın diqqətini bölgədə gedən dəyişikliklərə yönəltmək, yanlış təəssüratları dağıtmaq baxımından mühüm addımdır. Beləliklə, zirvə görüşündəki çıxışlar və tədbir çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi ikitərəfli görüşlər Azərbaycana verilən önəmin göstəricisidir.