YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Müzəffər xalq, qalib dövlət

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz dogma yurd-yuvalarına qayıdışı hər birimizi qürurlandırır. Xalqımız 30 il torpaq həsrəti ilə yaşasa da, heç zaman ümidini itirmədi. Daim bu inam ifadə edilirdi ki, dövləimizin uğurlu siyasəti, qətiyyəti nəticəsində torpaqlarımız tarixi sahibinə qayıdacaq, bu ərazilərdə yeni həyat başlayacaq.

Dövlətimizin başçısı İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə 30 illik işğal, 44 günlük ikinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirlərinin həyata keçirildiyi dövrün və hazırkı postmünaqişə mərhələsinin reallıqlarından geniş bəhs etdi. 21 avqustu tarixi gün kimi dəyərləndirən cənab İlham Əliyev bildirdi ki, doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız. Biz ədaləti, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı.  Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Birinci mərhələdə Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir.  Bu gün, o cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır.

Cənab İlham Əliyev çıxışında bütün başqa yaşayış məntəqələrimiz kimi Kəlbəcərin də işğalının  böyük faciə olduğunu qeyd etdi. Onu da vurğuladı ki, Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlər yaradırdı. Çünki Ermənistanla ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yaradılırdı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi artıq o bağlantını yaratmışdı və o vaxt “Laçın dəhlizi” adlandırılan yol faktiki olaraq  torpaqlarımızın gələcək işğalına yol açmışdı. Kəlbəcərin işğalı isə çox böyük bir coğrafi ərazi üzrə Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmışdır və beləliklə, digər torpaqlarımızın işğalına yol açmışdır. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı qoruya bilməmişdir. Hələ 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində mümkün olmuşdur. Alınmaz qalamız Şuşa ermənilərə təhvil verilmişdir. Mənfur cütlük bundan istifadə edərək bir ay sonra məhz Şuşa və Laçın faciəsi üzərində hakimiyyətə gəldi, doğma diyarınızı qoruya bilmədi, ya da qorumaq istəmədi. Kəlbəcərin 1993-cü il aprelin əvvəlində işğal altına düşməsi məhz ovaxtkı xəyanətkar rəhbərliyin bəd əməllərinin nəticəsi olmuşdur.

Artıq beş ildir tarixi Zəfərimizdən, azad edilmiş torpaqlarımızın bərpasından danışırıq. Şanlı Qələbəmizdən üç il sonra 2023-cü ilin 19-20 sentyabr tarixlərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşündə bu Zəfərimizdən də geniş bəhs etdi. “Bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir” söyləyən dövlətimizin başçısı vurğuladı ki, o vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitində yaşayır və bundan sonra da sülh şəraitində yaşayacaq.  Ermənistan-Azərbaycan normallaşması prosesi  başa çatıb və imzalanmış sənədlər  maraqlarımızı tam təmin edir. Biz istədiyimizə nail olmuşuq. Mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır.  Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi.

Qısa təhlil tarixi Zəfərimizi şərtləndirən amillərin və onun yaratdığı reallıqların aydın mənzərəsini yaradır. Bu reallıqdan biri kimi, azad edilmiş ərazilərimizin bərpası sürətlə həyata keçirilir, keçmiş məcburi köçkünlərin qayıtdığı ünvanların sayı artır. Onların rahat yaşayışının və məşğulluğunun təmin edilməsi üçün bütün zəruri addımlar atılır. Bu gün qayıdışın növbəti ünvanı olan Kəlbəcər şəhərinin timsalında bütün azad edilmiş torpaqlarda görülən işlər barədə aydın təsəvvür yaranır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bundan sonra müzəffər xalq, qalib dövlət kimi yaşayacağıq.