Xəbərlər
YAP Daşkəsən rayon təşkilatının təsis edilməsinin 30 illiyi qeyd olunub

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Orxan Abbasov, partiya fəalları, o cümlədən ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini anıblar.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov tədbirdə giriş nitqi ilə çıxış edərək YAP Daşkəsən rayon təşkilatının yaranmasının 30-cu ildönümü münasibətilə iştirakçıları səmimi qəlbdən təbrik edib, kollektivə yeni uğurlar, davamlı nailiyyətlər arzulayıb. O bildirib ki, qürurla qeyd etdiyimiz bu əlamətdar hadisə Daşkəsən rayonunda dövlətçilik ideyalarına, milli maraqlara və siyasi sabitliyə öz töhfəsini verən dərin köklü ictimai-siyasi ənənənin parlaq təzahürüdür: “1992-ci ilin ağır, keşməkeşli dövrlərində – ölkənin siyasi və iqtisadi sabitliyinin pozulduğu, müstəqilliyimizin təhlükə altına düşdüyü bir vaxtda xalq öz nicat yolunu Heydər Əliyev dühasında görüb. 91 görkəmli ziyalının tarixi müraciətindən sonra Ulu Öndər “Yeni, müstəqil Azərbaycan uğrunda!” şüarı ilə çıxış edərək, xalqı öz ətrafında birləşdirib. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçilib. Belə bir zamanda YAP-ın yaranması xalqın sabitlik və inkişafa olan ümumi istəyinin ifadəsi olub. 1995-ci il sentyabrın 13-də təsis edilən YAP Daşkəsən rayon təşkilatı Ulu Öndərin ideyalarına sadiq qalaraq rayonun tərəqqisinə əhəmiyyətli töhfələr verib”.
RİH başçısı vurğulayıb ki, Heydər Əliyevin müdrik liderliyi sayəsində Yeni Azərbaycan Partiyası qısa müddətdə cəmiyyətin böyük hissəsinin etimadını qazanıb, dövlətçiliyin möhkəmlənməsi, milli maraqların qorunması və ölkənin inkişaf istiqamətlərinin müəyyən olunmasında avanqard siyasi qüvvəyə çevrilib. 2003-cü ildən etibarən bu müqəddəs missiyanı Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev uğurla davam etdirərək milli inkişaf strategiyasını müvəffəqiyyətlə reallaşdırıb. Azərbaycan bütün sahələrdə böyük nailiyyətlər qazanıb, o cümlədən erməni işğalçıları üzərində tarixi zəfərlər qazanaraq dövlət suverenliyini bərqərar edib”.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev isə çıxışında Yeni Azərbaycan Partiyasının ölkəmizin ən mürəkkəb və taleyüklü dövrlərindən birində Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və Azərbaycan ziyalılarının təşəbbüsü ilə tarixi zərurətdən yarandığını diqqətə çatdırıb. Ötən dövr ərzində YAP Daşkəsən rayon təşkilatının keçdiyi şərəfli yola nəzər salan Meydanəli Yolçiyev təşkilatın bütün fəaliyyətinin dövlətə, partiyaya və xalqımıza sədaqətlə xidmətə, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin təbliğinə və Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasi kursun dəstəklənməsinə əsaslandığını qeyd edib.
Partiya veteranı, Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev isə çıxışında rayon təşkilatının yaradıldığı dövrdə mövcud olan ictimai-siyasi vəziyyət və çətinliklərdən bəhs edib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları ilə formalaşan uğurlu strategiyanın nəticəsi olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü, qüdrətli və dayanıqlı bir dövlətə çevrilib.
Digər çıxış edən natiqlər də YAP Daşkəsən rayon təşkilatının ətrafında birləşmiş partiya üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıblar.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.