YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni reallıqlar Azərbaycana növbəti geosiyasi uğurlar vəd edir”

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Samux rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Samux şəhər 2 saylı tam orta məktəbdə “Yeni reallıqlar Azərbaycana növbəti geosiyasi uğurlar vəd edir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində qazandığı möhtəşəm uğurlardan danışıb. O bildirib ki, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Kəlbəcər və Ağdərə rayonlarına səfərləri post-münaqişə dövrünün inkişaf strategiyasının növbəti mühüm mərhələsidir. Vurğulanıb ki, yeni infrastruktur layihələrinin təməlinin qoyulması və açılışı ilə müşayiət olunan bu kimi səfərlər hər dəfə dövlət suverenliyinin bərpa olunduğu ərazilərdə canlanma yaradır, yeni həyatın başlanğıcına stimul verir.

G.Bayramov, həmçinin Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində ötən dövr ərzində Azərbaycanın regional və qlobal əhəmiyyətli siyasi-iqtisadi və humanitar layihələrin mərkəzinə çevrilməsindən, dövlətimizin başçısının xarici ölkələrə etdiyi səfərlərdən danışıb. Qeyd olunub ki, ölkəmiz Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bu amillər nəinki regionumuz, eyni zamanda, bütün dünya üçün mühüm əhəmiyyət daşıyır.

Samux şəhər 2 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Əminə Cəfərova, Yuxarı Ağasıbəyli kənd tam orta məktəbin müəllimi Əfqanə Ümmani və Lək kənd tam orta məktəbin müəllimi Ülviyyə Qasımova çıxışlarında bildiriblər ki, son illər ərzində Azərbaycanın dünya miqyasında artan nüfuzu dövlətimizin mövqeyini xeyli gücləndirib. Diqqətə çatdırılıb ki, bu faktor ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına və təhsil sahəsində fərqləndiyinə görə bir qrup partiya üzvü YAP Samux rayon təşkilatının fəxri fərmanları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv