Xəbərlər
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı üzrə “Çörək zavodu №1” ərazi partiya təşkilatında (“Xəzri TN” MMC) “Konstitusiya və Suverenlik İli” çərçivəsində bir qrup partiya fəalı ilə görüş keçirilib.
Əvvəlcə tədbir iştirakçıları zavodda istehsal olunan çörək məhsullarına baxış keçiriblər.
Tədbiri giriş sözü ilə açan ərazi partiya təşkilatının sədri, №1 Çörək zavodunun direktoru İlkin Şabanov müasir müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edib. Qeyd olunub ki, xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri, məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və iqtisadi inteqrasiya layihələri suveren dövlət anlayışının real təcəssümü olmuşdur.
YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev çıxışında ölkəmizin əldə etdiyi nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının önəmli rolundan danışıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı və hazırda sıralarında 700 mindən çox üzvü birləşdirən YAP cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Dövlət suverenliyinin bərpasından sonra respublikamızda yeni inkişaf mərhələsi başlanıb və bu dövr yeni hədəfləri ilə diqqət mərkəzindədir. Xalqımız tam əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan daha böyük uğurlara imza atacaq və dünyanı heyrətləndirəcək. Zəfərlərlə və nailiyyətlərlə zəngin olan ötən illərin fonunda isə qarşıdakı dövrün aydın mənzərəsi artıq formalaşır”.
Təşkilat sədri vurğulayıb ki, Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir: “Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Sərəncam həm tarixilik, həm də gələcəyə yönəlik strateji yanaşmaları əks etdirir”.