Xəbərlər
Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təmin olunması baxımından tarixi dönüş nöqtəsi oldu

Vüqar Rəhimzadə
Milli Məclisin deputatı
2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizlə başlayan zəfər yolu, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, yeni dövrün reallıqlarına uyğun olaraq müəyyənləşdirilən hədəflərə nail olmaq istiqamətində atılan inamlı addımlar Vaşinqtonda diplomatik uğurlarımızı şərtləndirdi. Bu uğurlarımızın təməlində Ulu Öndər Heydər Əliyevin bugünümüz və gələcəyimiz üçün müəyyənləşdirdiyi düşünülmüş siyasət və 2003-cü ildən bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Ümummilli Lider daim bu əminliyi ifadə edirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma yurdlarına qayıdacaqlar. Dahi şəxsiyyət Azərbaycanın gələcəyini düşünərək 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını, Onun sona çatdıra bilmədiyi işləri, planları məhz İlham Əliyevin axıra çatdıracağını bildirdi. Vətən müharibəsində tarixi Zəfərimizə imza atmaqla ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin bütün arzularını reallığa çevirdi. Dahi şəxsiyyətin görmək istədiyi bugünkü Azərbaycanı yaratdı. Hər bir uğurumuz Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir.
Vaşinqton görüşü Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması baxımından tarixi dönüş nöqtəsi oldu. Vaşinqton razılaşmaları ölkəmizin artan nüfuzunun, Prezident İlham Əliyevin qətiyyətli mövqeyinin, diplomatik mübarizədə üstünlüyümüzün nəticəsidir. Dövlətimizin başçısı həm döyüş meydanında, həm də diplomatik arenada qələbə və böyük siyasi nüfuz qazanan liderdir. Azərbaycan hər zaman sülhün, yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınır və nüfuz qazanır.
Prezident İlham Əliyevin ABŞ-a səfəri həm Azərbaycan-Amerika ikitərəfli münasibətləri, həm də Azərbaycan-Ermənistan sülh gündəliyi, regional sabitlik və qlobal təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb etdi. Birləşmiş Ştatların Prezidenti Donald Trampın dəvəti ilə gerçəkləşən səfər tarixi xarakter daşıdı. Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər təkcə ənənəvi diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənmir, eyni zamanda, keyfiyyətcə yeni - strateji müttəfiqlik səviyyəsinə yüksəlir. Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə “Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun, ABŞ Prezidenti tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması mühüm əhəmiyyət kəsb edir.
Son beş ilin reallığı budur ki, Azərbaycan 2020-ci il Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər ilə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb və bu reallıqlar beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq regionda sülhün qurulması üçün yeni əsaslar yaradır. Bu gün Azərbaycan qalib tərəf kimi regionda sülh gündəliyini müəyyən edən əsas aktor olmaqla, yaranmış reallıqları beynəlxalq miqyasda təsdiq etməkdə, hüquqi çərçivəyə salmaqdadır. Azərbaycanın təşəbbüsü ilə başlayan və irəliləyən sülh danışıqları öz məntiqi nəticəsini verir. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi artıq paraflanıb. ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət ünvanlandı və bu proses artıq məntiqi sonluqla yekunlaşır. Artıq sülh müqaviləsinin imzalanması, regionda davamlı sülhün və sabitliyin əldə olunması yolunda yalnız bir əngəl qalır – Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində də bildirdi ki, Ermənistan həmin müddəaya dəyişiklik edəcək. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal olaraq sülh sazişi də imzalanacaq. Lakin fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır.
Dövlətimizin başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə bu çağırışı edir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Ölkə Prezidentinin bu tələbi də Ermənistan tərəfindən qəbul edildi. Belə ki, imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olundu. Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə iştirakını təmin edən fundamental hüququdur. Bu dəhlizin reallaşması həm region dövlətləri, həm də daha geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətli sabitlik perspektivləri yaradır.
Vaşinqtonda keçirilən görüş regionun tarixində xüsusi yer tutan böyük siyasi hadisədir. Azərbaycanın illərdir formalaşdırdığı diplomatiya xətti bu uğurun əsasını qoyub. Görüş çərçivəsində imzalanan sənədlər bölgədə sülh prosesinə yeni impuls verir və əməkdaşlıq üçün geniş imkanlar açıb. Artıq regionda yeni reallıq formalaşır və bu reallığın mərkəzində Azərbaycanın möhkəmlənmiş mövqeyi, təmin olunmuş suverenliyi və dayanıqlı sülh gündəliyi dayanır.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Vaşinqton razılaşmaları sülh diplomatiyasının və müdrik liderliyin təntənəsidir. Vaşinqton səfəri çərçivəsində keçirilən görüşlərdə, əldə olunan razılaşmalarda Prezident İlham Əliyev Azərbaycanın gücünü, prinsipial mövqeyini və siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Vaşinqtonda diplomatik zəfər Azərbaycanın regionda və qlobal siyasətdə mövqeyini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq regional güc olmaqla yanaşı, sözünün imzası qədər əhəmiyyətini təsdiqləyən, söz sahibi olan dövlətə çevrilib. Qalib, bütövləşən Azərbaycan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə bütün hədəflərə ardıcıllıqla nail olur. Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti parlaq qələbəsi kimi tarixə yazıldı.