YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Xalqın iradəsini təmsil edən hakimiyyətə, ölkənin sabitliyinə qarşı bu cür cəhdlər yolverilməzdir

"İyulun 15-də Türkiyədə baş verən hadisələr Azərbaycanda da narahatlıqla izlənilirdi. Əlbəttə, qardaş ölkədə xalqın iradəsini təmsil edən hakimiyyətə, ölkənin sabitliyinə qarşı bu cür cəhdlər yolverilməzdir". Bunu Milli Məclisin üzvü, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqın və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib.

Millət vəkili bildirib ki, Azərbaycan dövləti Türkiyə dövlətçiliyinə, ölkədə demokratik təsisatların fəaliyyətinə və xalqın iradəsinə qarşı bu cinayəti ən yüksək səviyyədə pisləyib.

Son 60 ildə Türkiyədə bir neçə dəfə hakimiyyət çevirişlərinin yaşandığını xatırladan S.Qafarova bu günkü Türkiyənin iqtisadi, siyasi, ictimai gerçəklikləri ilə yanaşı, müasir dünyanın şərtlərinin də fərqli olduğunu bildirib.  Ona görə də, bu gün xalqın iradəsi əsasında seçilən ölkənin qanuni hakimiyyətini zor gücü ilə devirmək, xaos və anarxiyaya rəvac vermək mümkün deyil. Demokratik cəmiyyətlərdə hakimiyyəti dəyişdirməyin yeganə yolu demokratik seçkilərdir,  müasir inkişaf tarixi bütün digər vasitələri inkar edir və bu kimi cəhdlər qanunsuzdur.

Azərbaycan dövlətinin və xalqının dost və qardaş Türkiyə dövlətinin yanında olduğunu da diqqətə çatdıran S.Qafarovanın sözlərinə görə, Türkiyə bu gün kifayət qədər güclü dövlətdir, dünyada böyük nüfuz və söz sahibidir, regional əməkdaşlıqda və bölgədə sülh və sabitliyin təmin olunmasında mühüm rol oynayır: "Ona görə də, bu cür cəhdlərlə Türkiyə dövlətini sarsıtmaq mümkün deyil. İnanıram ki, qardaş ölkə ən yaxın zamanlarda bu ağır hadisələrin fəsadlarını aradan qaldıraraq inkişaf yoluna davam edəcək".