YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çinin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib

Çinin Azərbaycanda yeni təyin olunmuş səfiri Vey Jinxuan etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Elmar Məmmədyarov Vey Jinxuanı Azərbaycanda səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Vey Jinxuan ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə 2015-ci ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri, keçirdiyi görüşlər və səfər zamanı imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb. Qarşılıqlı etimad əsasında ölkələrimiz arasında davamlı surətdə inkişaf edən siyasi dialoqun ruhuna uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyi qeyd edilib. Tezliklə fəaliyyətə başlaması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Çinin təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsinin həyata keçirilməsinə əsaslı töhfə vermək iqtidarında olduğu bildirilib.

Nazir Elmar Məmmədyarov beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Səfir dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsinin ölkəsinin dəyişməz və prinsipial mövqeyi olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.