YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hüseynbala Mirələmov: Azərbaycan Prezidenti heç bir vətəndaşı naümid buraxmır

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün islahatlar sübut edir ki, vətəndaşın rifahı dövlət üçün hər zaman prioritet məsələdir. Təbii fəlakətlər və arzuolunmaz bədbəxt hadisələr zamanı durumu ağırlaşan hər bir vətəndaşın yanında olan Prezident heç kəsi naümid buraxmır. Bakının Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş verən yanğınla əlaqədar operativ şəkildə müvafiq addımların atılması zamanı biz bir daha bu həqiqətin şahidi olduq”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov “yap.org.az» saytına açıqlamasında  bildirib. 

Deputat Prezident İlham Əliyevin yanğın baş verən gündən etibarən məsələni şəxsi nəzarətinə götürməsini, məsələ ilə əlaqədar müşavirə keçirməsini, zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin təmin edilməsi üçün müvafiq komissiyanın yaradılmasını və daha sonra yanğın nəticəsində zərər çəkmiş sahibkarlara üç milyon manat maddi yardım göstərilməsi haqqında Sərəncam imzalamasını dövlətin heç bir halda öz vətəndaşını çıxılmaz vəziyyətdə qoymadığının bariz nümunəsi kimi dəyərləndirib: “Nəzərə alsaq ki, əksər hallarda dünyanın inkişaf etmiş ölkələrində dövlət sığortalanmamış əmlaklarla bağlı yardım qərarları qəbul etmir, o zaman Azərbaycan dövlətinin və Prezidentinin bu addımlarla öz vətəndaşlarına nə qədər dəyər verdiyini, onların problemlərinə nə qədər həssas münasibət sərgilədiyini görürük. 
Bu addımlar 2003-cü ildən başlayaraq Azərbaycanda gerçəkləşdirilən uğurlu sosial siyasətin tərkib hissəsi və davamıdır. 
Xalqımız isə hər zaman olduğu kimi bu dəfə də öz Prezidentinin ətrafında sıx birləşərək, sahibkarlar dövlətin bu addımlarını yüksək minnətdarlıq hissi ilə qarşılayaraq bir daha Azərbaycanda hətta təbii fəlakətlərə də siyasi don geyindirməyə çalışan, ölkəmizdə baş verən hər bir olaydan öz xəbis və merkantil niyyətləri naminə istifadə etmək üçün pusquda dayanan antimilli bədxahları növbəti dəfə xəyal qırıqlığına uğratdı. 
Ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Prezidentin sədrliyi ilə keçirilən müşavirədə dövlət başçısı vurğulayıb: “Baş vermiş yanğınla bağlı, əlbəttə ki, ilk növbədə, biz burada əziyyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik”. 
Bənzərsiz təşəbbüslərin, genişmiqyaslı islahatların müəllifi olan Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi bu fikirlər Azərbaycanda aparılan çox güclü sosial siyasətə sadiqliyin, dövlətin hər bir halda vətəndaşın ümid yeri olduğunun göstəricisidir”.