YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: İşğaldan azad olunmuş şəhər və kəndlərimiz tamamilə bərpa ediləcək

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici televiziya kanallarına verdiyi müsahibələr bu günün real hadisələrini, həqiqətləri əks etdirir və dövlətimizin haqqa, ədalətə söykənən, beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini ortaya qoyur. Ölkə rəhbəri nəinki müsahibələrində, eləcə də ən mötəbər tribunalarda səsləndirdiyi fikirlərində daimi olaraq Azərbaycanın işğala məruz qaldığını, təcavüzkarlar haqqında lazımı tədbir görülmədiyini, bir milyondan artıq əhalinin uzun illər əzab-əziyyət içərisində, doğma od-ocaq, yurd həsrətində yaşadığını ifadə edir və xalqımızın haqlı tələbini bütün dünyaya çatdırır”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, beynəlxaq aləm, dünya ictimaiyyəti bu məsələdə susur. BMT Təhlükəsizlik Şurasının işğalçı silahlı birləşmələrin torpaqlarımızdan qeyri-şərtsiz çıxması barədə dörd qətnaməsi, bir çox mötəbər beynəlxalq təşkilatların qərarları, tapşırıqları icra olunmur və bunun nəticəsində erməni faşistləri daha da azğınlaşırlar, yeni qətlər, təxribatlar törədir, atəşkəsi müntəzəm pozaraq mülki əhaliyə ciddi ziyan vururlar.

Ermənistanın siyasi-hərbi rəhbərliyi, baş nazir Nikol Paşinyan başda olmaqla heç cür danışıqlara gəlmirlər, çağırışlara əməl etmirlər, beynəlxalq normalara məhəl qoymurlar, əksinə yeni torpaqlar işğal etmək niyyəti ilə silahlanırlar, ərazilərimizdə məskunlaşdırma siyasəti aparırlar, terrorçu qruplar yerləşdirir, sərhədlərimizə hücum edirlər.

“Əlbəttə, belə olan halda Azərbaycan xalqı öz səsini ucaltmalı, şanlı ordumuz öz sözünü deməli, biz haqqımızı tələb etməli, tarixi ədalət bərpa olunmalıdır. Cənab Prezident İlham Əliyev ordumuzun zəfər yürüşünü, bir çox şəhər və kəndlərimizin işğaldan azad olunmasını, düşmənə ağır zərbələr endirilməsini qeyd etməklə bərabər, bir daha münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirir. Ermənistan silahlı birləşmələrinin işğal altında olan torpaqlardan çıxdıqdan sonra sülhə gəlməyin vacibliyi qeyd edir. Dövlətimizin başçısı bildirir ki, Azərbaycan ərazilərində yaşayan ermənilər bizim vətəndaşlarımızdır, onların təhlükəsizliyi hər vasitə ilə təmin ediləcək, dağıdılmış şəhər və kəndlərimiz bərpa ediləcəkdir.

Dövlət başçısı onu da qeyd edir ki, bizim mübarizəmiz haqq mübarizəsidir, torpaqlarımızı döyüşərək almağa qadirik və haqq yolunda olduğumuz üçün İlham Əliyevin diktəsi və şərtləri danışıqlar prosesində əsasdır. Əlbəttə beynəlxalq aləm, ilk növbədə düşmən bunu anlamalı və Azərbaycan torpaqları işğaldan azad edilməlidir”-deyə, komitə sədri vurğulayıb.