YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Aprel döyüşləri: tarixi Zəfərin başlanğıcı”

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərinin ildönümü münasibətilə “Aprel döyüşləri: tarixi Zəfərin başlanğıcı” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Sonra şanlı Aprel döyüşlərinə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Daha sonra çıxış edən məşhur “91”lərdən olan, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Türk Ağsaqqalları Birliyi Təşkilat Komitəsinin sədri Südeyf İmamverdiyev, şəhid Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə, şəhid Tural Dadaşovun anası Kəmalə Dadaşova, həm Aprel döyüşlərinin, həm də Vətən müharibəsinin qaziləri olan Cəfər Elyasov və Aydın Zöhrabov, Nizami rayonundan Aprel döyüşləri şəhidlərinin oxuduğu və məzunu olduğu 210 saylı orta məktəbin direktoru Həqiqət Gülalıyeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış edərək bildiriblər ki, 2016-cı il aprel ayının əvvəlində düşmənin təxribatının qarşısı uğurla alındı və bu, Aprel döyüşləri kimi tarixləşdi. Aprel döyüşləri nəticəsində əldə olunmuş qələbə nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

Vurğulanıb ki, Azərbaycan tarixinə şanlı səhifə kimi yazılmış, hərbçilərimizin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək olduğunu, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, xalqımızın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərmiş Aprel döyüşləri dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını da nümayiş etdirib. Odur ki, Aprel zəfərindən sonra 2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı ilə ümumi olaraq, on bir min hektarlıq ərazi azad olundu, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət ələ keçirildi, 2020-ci ildə isə Tovuz istiqamətində düşmən təxribatının qarşısı qətiyyətlə alındı, düşmənə sarsıdıcı zərbələr vuruldu. Nəhayət, 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi işğal altında olan bütün torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi zəfər, qələbə qazanıldı, ədalət bərpa edildi.

Çıxışlardan sonra şəhid ailələrinin üzvləri təltif olunub və tədbir 210 saylı orta məktəbin şagirdlərinin hazırladıqları bədii hissə ilə davam etdirilib.