YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər bir addımında Azərbaycanı daha uğurlu gələcəyə aparan güclü Lider

Azər Süleymanov

YAP Nəsimi rayon təşkilatının sədri

Azərbaycan bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilib. Bunun əldə olunmasında ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. Müasir dünyada liderlik qabiliyyəti ilə seçilən Cənab Prezidentin ölkəyə rəhbərliyi dövründə Azərbaycan möhtəşəm inkişaf yoluna qədəm qoyub və əldə olunan uğurlarının təhlilinə nəzər salsaq görərik ki, Cənab İlham Əliyevin hər bir vədi əməli fəaliyyətində öz əksini tapıb. Dövlət başçısının 2003-cü ildə xalqın yekdil dəstəyi ilə Prezident seçilməsi müstəqil Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcı oldu. Ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu günə qədər olan müddət Azərbaycan tarixinə sürətli inkişaf dövrü kimi daxil olub. Gənc, müstəqil dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi, məhz Cənab İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində reallığa çevrilib.

Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən Cənab Prezident xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Ötən dövrdə uğurlu inkişaf tarixini yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində abadlaşan bölgələrimiz, inkişaf edən ölkəmiz Azərbaycanın dinamik inkişafının göstəriciləridir.

Xalqın Liderinə inam və etimadın nəticəsidir ki, 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də Cənab İlham Əliyev yenidən inamlı qələbə qazandı. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində Cənab İlham Əliyevin Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanması və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmiş oldu. Azərbaycan xalqı görülən işlərə, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermiş oldu. Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı qeyd etmişdir: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. İqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmişdir. Vurğulayaq ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu və ya digər layihələrin reallaşması Azərbaycanın uğurları sırasındadır. TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib. Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır. “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peykləri orbitdə uğurla fəaliyyət göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır.

Ötən illər ərzində Azərbaycanın müdafiə qabiliyyəti gücləndirildi. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Ərazi bütövlüyümüzü təmin etmək iqtidarında olan və bunu 44 günlük Vətən müharibəsində təsdiqləyən müzəffər ordumuzun həm döyüş qabiliyyəti artırıldı, həm də müasir hərbi texnika ilə təminat həyata keçirildi. Bu gün böyük fəxrlə qeyd etdiyimiz “Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir” fikri təbii ki, ötən illər ərzində həyata keçirilən siyasətin, böyük səylərin nəticəsidir. Azərbaycan haqqın, ədalətin tərəfində olduğunu yürütdüyü müstəqil siyasəti ilə bir daha dünyaya nümayiş etdirdi.

Bu gün Azərbaycan azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərini davam etdirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Bütün bunlar Azərbaycanın iqtisadi gücünün, inkişafının göstəricisidir.

Son 18 il ərzində Azərbaycan modernləşərək yeni keyfiyyət mərhələsinə qədəm qoymuş, ölkənin siyasi, iqtisadi, mədəni həyatı yeniləşərək tamamilə dəyişmişdir. Möhtərəm Prezident İlham Əliyevin praqmatik, çevik siyasəti, sistemli və ardıcıl strateji kursu ölkəmizin müasir inkişafını təmin etmişdir. Cənab Prezidentin qürurla vurğuladığı kimi, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalq-iqtidar birliyi dayanır. Dövlət başçısı tərəfindən həyata keçirilən siyasət Azərbaycanın daha güclü dövlətə çevrilməsinə, xalqın rifahına, firavan yaşayışına və inkişafına hesablanıb.