YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan bütün xalqların dostluq və mehriban qonşuluq şəraitində yaşadığı mültikultural ölkədir

“Prezident İlham Əliyevin 2023-cü il 20 sentyabr tarixində xalqa müraciətində çox mühüm mesajlar verildi. Ölkəmizin başçısı müraciətində 19 sentyabr tarixində erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində iki mülki şəxs olmaqla 6 Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğunu bildirib. Bu bir reallıqdır ki, II Qarabağ müharibəsi başa çatandan bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub və ya ağır xəsarət alıb. Bu erməni terrorizminin hələ də davam etdiyini göstərir. Çünki II Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı terror aktlarını davam etdirmək məqsədilə 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunub. Məhz Laçın sərhəd-buraxılış məntəqəsi qurulana qədər II Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilib. Ölkə başçısı xalqa müraciətində beynəlxalq birliyin məhz bu reallığı görməsinin vacibliyini önə çəkib.” Bu fikirləri açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycanın suveren ərazisində ardıcıl olaraq həyata keçirilən terror-təxribat halları, minaların artıq azad edilmiş ərazilərimizə belə qanunsuz silahlılar və separtatçılar tərəfindən basdırılması buna qarşı ən sərt adekvat addımların atılmasını labüd edirdi: “Azərbaycanın Ordusunun 19 sentyabrda başlatmış olduğu lokal xarakterli antiterror tədbirlərinin qarşısında da məhz bu terror hallarının qarşısının birdəfəlik alınması vəzifələri qoyulmuşdu. Peşəkar, qalib Azərbaycan Ordusu cəmi 23 saat ərzində öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirdi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcək. Həyata keçirilən antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Ordumuz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdi. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri aparılan bir ərazidə qısa müddət ərzində hərbi uğur əldə edildi. Ermənistanın Azərbaycan ərazisində qanunsuz olaraq saxladığı silahlı birləşmələrin böyük bir hissəsi tamamilə məhv edildi. Onlara məxsus hərbi texnika məhv edildi və sıradan çıxarıldı. Əməliyyat zamanı heç bir mülki şəxsə və obyektə zərər ziyan yetirilmədi. Fakt o idi ki, Ermənistan son üç ərazində 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq silahlı birləşmələrini və texnikasını Azərbaycan ərazisindən çıxarmayıb. Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı. Antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı əsgər və zabitlərimizə şəfa arzulayırıq”.

Millət vəkili hesab edir ki, antiterror tədbirlərinin uğurlu gedişatı Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə saldı: “Cəmi bir gün davam etmiş döyüşlərin nəticəsində qanunsuz silahlı birləşmələr artıq Azərbaycan dövlətinin şərtlərini qəbul etməyə hazır olduqlarını bildirdilər. Beləliklə reinteqrasiya məsələlərini müzakirə etmək üçün Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə hazır olduqlarını çatdırıblar. Prinsip etibarilə Azərbaycan şərtləri tam qəbul olundu. Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlanıb. O cümlədən onlar silahları da təhvil verəcək. II Qarabağ müharibəsindən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalmasının qanunsuz olduğu bəyan edilmiş və buna son qoyulması tələb edilmişdi. Bu gün isə reallıq tamam dəyişib. Müzəffər Ali Baş Komandanın xalqa müraciətində vurğuladığı kimi “Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur”. Çünki Azərbaycanın bütün addımları ədalətlidir. Bunun fonunda bölgədə yeni vəziyyət yaranır. Kriminal xunta rejimi təslim olduqdan sonra terror mənbəyinin kökü kəsilir və bundan sonra Qarabağda yaşayan erməni əhali də nəhayət rahat yaşamaq hüququ qazana bilər”. Deputat bildirib ki, uzun 10 illiklər xunta rejiminin girovluğunda olan Qarabağın erməni əsilli sakinləri bundan sonra sülh, birgə yaşayış və qarşılıqlı hörmət əsasında həyat qurmalıdır: “Çünki Azərbaycan bütün xalqların dostluq, mehriban qonşuluq və normal münasibətlər şəraitində yaşadığı mültikultural ölkədir. Azərbaycan xalqı və dövləti bu 10 illiklərdə başına gətirilən bütün müsibətlərə baxmayaraq heç vaxt erməni xalqını günahlandırmayıb. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında günahkar olanlar kriminal rejimin ünsürləri və onların başında duranlar olub. Təbii ki, onlar da bu qanlı əməllərinə görə cəzalanır və bundan sonra da cəzalanacaqlar. Bütün bunlara baxmayaraq Azərbaycan erməni əsilli sakinləri birgəyaşayışa dəvət edir. Yevlax şəhərində Qarabağ icmasının nümayəndələri ilə təşkil olunan görüş də bununla bağlı olub. Burada Azərbaycan dövləti gələcəklə bağlı baxışlarını çatdırıb. Qarabağda yaşayacaq ermənilərin təhsil, mədəniyyət, din, bələdiyyə seçkisi ilə bağlı hüquqların öz təsbitini tapmasının mümkünlüyü ifadə olunub. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Ölkəmizdə heç vaxt dini, milli zəmində ayrı-seçkilik olmayıb və bundan sonra da olmayacaq”. Təftiş Komissiyasının sədri bu gün Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulduğunu Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda da Azərbaycan dövlətinin gücü və imkanları ilə canlanmanın, yeni bir dövrün başlayacağını söyləyib: “Prezident İlham Əliyevin xalqa müraciətində bildirdiyi kimi “Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan birgəyaşayış təklifdir”.